Dələduzluqda günahlandırılan müstəntiq qandallandı - Baş prokurorluğun sabiq rəhbərliyini də tənqid edirmiş

  • By admin
  • 18 May 2021 21:44

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, ittiham hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Haqqında polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş M.Abbasov məhkəmə zalında həbs edilib. O, dələduzluqda təqsirləndirilirdi.

Baş Prokurorluğun əvvəllər yaydığı məlumata görə, M.Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilmişdi.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə bildirib ki, M. Abbasov keçmiş Baş prokuror Zakir Qaralovu və Bakı şəhər prokuroru İlqar Abbasovu sosial şəbəkələr üzərindən vaxtaşırı surətdə tənqid edib.

Gununsesi.info