Deputatlar jurnalistləri belə təbrik etdi

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümüdür.

Azərbaycanda ilk milli qəzet olan Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən etibarən Milli Mətbuat Günü kimi qeyd olunur.

“Əkinçi” qəzeti 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrə ilə nəşr olunsa da, Azərbaycan milli mətbuatının formalaşması və inkişafında mühüm rol oynayıb. Maarifçilik ideyalarını təbliğ edən qəzet qısa müddətdə həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında böyük nüfuz qazanıb. Dövrün tanınmış ziyalıları və qələm sahibləri müntəzəm olaraq qəzetdə çıxış ediblər. Lakin Çar Rusiyası qəzetin cəmiyyətin maariflənməsinə və ictimai fikrin formalaşmasına təsirindən narahat olduğu üçün qəzetin nəşri dayandırılıb.

Gununsesi.info bildirir ki, Milli Mətbuat Günü münasibətilə Milli Məclisin bir sıra deputatları sosial şəbəkə hesablarında paylaşım edərək jurnalistləri və media nümayəndələrini təbrik ediblər.

Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan milli mətbuatı 151 il ərzində milli-mənəvi dəyərlərin qorunmasına, ictimai fikrin formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib:

“Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq.

​1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha sübut edir ki, azad söz və obyektiv informasiya hər zaman cəmiyyətin inkişafının və dövlət müstəqilliyinin ana sütunlarından biri olmuşdur.Bu gün Azərbaycan mediası özünün yeni və dinamik inkişaf mərhələsini yaşayır. Media sahəsində həyata keçirilən köklü islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal medianın inkişafına verilən dəstək və peşəkarlığın artırılması istiqamətində atılan addımlar milli informasiya məkanımızın təhlükəsizliyinə xidmət edir.

Xüsusilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Bu tarixi zəfərlərin qazanılmasında və həqiqətlərin dərhal dünya ictimaiyyətinə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə jurnalistlərimizin göstərdiyi fədakarlıq hər türlü təqdirə layiqdir.

​Dövlət suverenliyimizin bərpasından sonra bir çox xarici güclər və dairələr tərəfindən ölkəmizə qarşı həyata keçirilən haqsız informasiya təzyiqləri və qərəzli kampaniyalar hələ də davam etməkdədir. Biz arxayınlaşmamalı, əldə etdiyimiz tarixi uğurların qorunmasını və təbliğini ən vacib prioritet hesab etməliyik.

İnformasiya müharibəsinin kəskinləşdiyi müasir dövrdə mediasının üzərinə düşən məsuliyyət qat-qat artmışdır. Operativliklə yanaşı; obyektivlik, qərəzsizlik, peşə etikası və milli maraqlara sadiqlik hər bir jurnalistin dəyişməz fəaliyyət prinsipi olmalıdır. Azərbaycan mediasının bundan sonra da ölkəmizə qarşı yönələn hücumların dəf edilməsində, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsində və milli həmrəyliyimizin gücləndirilməsində daha fəal mövqe nümayiş etdirəcəyinə inamımız tamdır.

​Dəyərli mətbuat işçiləri!

​Bu əlamətdar gün münasibətilə hər birinizi bir daha təbrik edir, Azərbaycan dövlətinin çiçəklənməsi və milli maraqlarımızın müdafiəsi yolundakı şərəfli və məsuliyyətli fəaliyyətinizdə bol nailiyyətlər arzulayırıq!

​Milli Mətbuat Gününüz mübarək olsun!”

Əli Məsimli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, milli mətbuatın Həsən bəy Zərdabinin yaratdığı maarifçilik ənənələrini bu gün də davam etdirdiyini bildirib:

“Əziz  mətbuat işçiləri, dəyərli media nümayəndələri!

 Əsası Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabinin naşiri və redaktoru olduğu “Əkinçi” qəzetinin nəşri ilə qoyulan şərəfli və məsuliyyətli yolun davamçılarını, əməkdaşlıq etdiyim,obyektivlik,prinsipiallıq,yüksək intellektual səviyyəsi,peşəkarlıq və vətəndaşlıq mövqeyi ilə fərqlənən,vətənpərvərlik, yüksək milli təfəkkür,ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verən və daim dəstəklərini hiss etdiyim media sahəsindəki dostlarımın timsalında bütün media mənsublarını Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir,möhkəm can sağlığı,bu çətin və şərəfli işlərində uğurlar,o cümlədən bol-bol və davamlı yaradıcılıq uğurları arzulayıram!”

Azər Allahverdiyev media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək, jurnalistlərə fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayıb.

Naqif Həmzəyev qeyd edib ki, rəqəmsallaşma, süni intellekt, dezinformasiya ilə mübarizə və media savadlılığının artırılması müasir medianın qarşısında duran əsas vəzifələrdəndir:

“Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərindən dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”. Rəqəmsallaşma, süni intellekt, dezinformasiya ilə mübarizə və media savadlılığı bu gün mediamızın qarşısında duran əsas çağırışlardır.

22 İyul — Milli Mətbuat Günü münasibətilə bütün mətbuat işçilərini — qələm dostlarımızı, kameraların arxasında dayanan operatorları, redaksiyalarda gecə-gündüz çalışan jurnalistləri və media sahəsinin bütün fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirik!

Sizin peşəkarlığınız, cəsarətiniz və vətənpərvərliyiniz xalqımızın həqiqətə gedən yolunu işıqlandırır.

Peşə bayramınız mübarək olsun!”

Elçin Mirzəbəyli isə paylaşımında milli kimliyin, dövlətçiliyin və Vətən sevgisinin əhəmiyyətindən bəhs edib:

“Milli olmaq, mənə görə, həm də qan yaddaşında, ruhunda, iliyində, onurğanda, düşüncəndə milliliyin əyilməyən, sınmayan milinin olması deməkdir. Bu millə bayrağımız və istiqlalımız toxunub. Bu mili qələmə çevirənlər milli düşüncəmizə Vətənə sədaqət andını yazıblar.

Və mili milli olanların ölçü vahidi nə kilometr, nə də MİL deyil, Azərbaycan sevdasıdır.

Həzarət, bu gün MİLLİ olanların bayramıdır!

Bayramımız mübarək!

Başımız üstündən üçrəngli bayrağımız, ayağımız altından müqəddəs torpağımız əskik olmasın!

Dövlətimiz, millətimiz əbədiyyən var olsun ki, biz də var olaq!

Tanrı BİZİ, sevdiklərimizi və qəlbimizdəki Azərbaycan sevgisini qorusun!

Amin!”

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info