Dövlət katibinin köməkçisi Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək

  • By admin
  • 11 İyun 2022 14:31

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Dövlət Departamentinin məlumatında deyilir ki, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini,  Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq.

O həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün yaranmasına  kömək etməyə hazır olduğunu qeyd edəcək.

Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, prezident İlham Əliyev, digər dövlət məmurları  və vətəndaş cəmiyyəti nümayəndələrilə  görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin və investisyanın inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.

İyunun 17-də dövlət katibinin köməkçisi Donfrid  Tbilisiyə səfər edəcək və  prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Qadınlar Beynəlxalq Konfransında çıxış edəcək. Doktor Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı əsassız müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ABŞ-ın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi Gürcüstanda demokratik inkişaf və qanunun aliliyi, həmçinin Gürcüstan iqtisadiyyatını şaxələndirmək və firavan gələcəyin qurulmasında ABŞ-ın bundan sonrakı dəstəkləyini müzakirə edəcək.

Daha sonra Donfrid iyunun 18-də Yerevana  gedəcək, baş nazir Nikol Paşinyan və digər hökumət məmurları  ilə görüşəcək. O,  ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək. Donfrid ABŞ-ın ortaq dəyərlərə əsaslanan güclü tərəfdaşlığını və Ermənistanın demokratik inkişafı üçün qarşılıqlı öhdəliyini vurğulayacaq, Dövlət Departamentinin məlumatında deyilir.

Gununsesi.info