DSX əməliyyat keçirdi: saxlanılanlar var

  • By admin
  • 24 Dekabr 2021 18:45

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-dən Gununsesi.info-ya verilən məlumata görə, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılmışlar. Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər marixuana aşkarlanıb.

Saxlanılmış şəxslərin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ceyhun Səfər oğlu Ağayev və Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Əli Misir oğlu Misirli olmaları müəyyənləşdirilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Gununsesi.info