Dünya taxıl böhranından necə çıxacaq?

  • By admin
  • 07 İyun 2022 09:11

“Rusiya Prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki, taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa, Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq”. 

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin:

“Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə, Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhərlərinə, o cümlədən Odessaya hücuma keçə bilər. Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib. Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır”.

Ekspert bildirib ki, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər:

“Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanın ən böyük taxıl alıcılarındandır. Bu ölkə hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas alıcıları Rusiya, Ukrayna və Hindistandır. Rusiya və Ukrayna ilə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir. Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyard 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki, Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı”.

Gununsesi.info