Milli Məclisin deputatı Fazil Mustafa Qəbələdə “Çevik” ləqəbi ilə tanınan qazinin iki şəxs tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa sosial şəbəkədəki paylaşımında Çevikin özünü ateist kimi təqdim etdiyini və din mövzusunda canlı yayımlarda müzakirələr apardığını qeyd edib.
Deputat onun müzakirələrdəki üslubunu bəyənmədiyini, lakin qarşı tərəfdən də “köntöy və dözümsüz yanaşmalar” gördüyünü bildirib.
Onun sözlərinə görə, ölkədə “Allah qoruyuculuğu, din qoruyuculuğu, məzhəb-təriqət qoruyuculuğu” adı altında insanların vəhşi üsullarla susdurulmasına yol verilməsi ciddi narahatlıq doğurur.
Deputat bəzi şəxslərin Çevikin “Allah yoxdur!” ifadəsini inanclara təhqir kimi qiymətləndirməsinə də sərt reaksiya verib:
“Kiminsə ‘Allah yoxdur!’ deməsi Allahı yox etməz, əksinə, bir inanclını daha çox Allahın varlığını idrak etmək üçün düşünməyə, araşdırmağa yönəldər.”
Fazil Mustafa hesab edir ki, dini və ya məzhəbi motivlərlə zorakılığın həyata keçirilməsi ehtimalı varsa, hadisənin üzərindən “oldu-bitdi” deyərək keçmək olmaz.
“Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəyə onsuz da prinsipial yanaşıb məsələnin motivini dəqiq araşdıracaqlar və qanuna uyğun addımları atacaqlar”, – deyə deputat bildirib.
O, hadisənin həqiqətən də “din və ya məzhəb qoruyuculuğu” niyyəti ilə törədildiyi müəyyənləşərsə, bunun ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.
Fazil Mustafa fikirlərinin sonunda dini inancdan daha çox vətənə və dövlətə xidmət anlayışını önə çəkərək belə bir sual ünvanlayıb:
“ “Allah yoxdur!” deyən adam heç olmasa “Vətən var!” deyib canını dövlətimizin və millətimizin yolunda fəda etmişdisə, “Allah vardır!” deyib “Mənim ağam, mənim həm Vətənimdir, həm də millətimdir, mənsə onun nökəriyəm!” deyən Azərbaycan vətəndaşından daha şərəfli varlıq deyilmi?”.
Fazil Mustafa həmçinin mövzu daha dəqiq anlaşılsın deyə, ötənlərdə yazdığı və hər zaman aktual hesab etdiyi bir məqaləni də ağıllı insanlar üçün paylaşıb.
Həmin yazını təqdim edirik:
Orxan












