Fazil Mustafadan “Qum şəbəkəsi” ilə bağlı sərt ittihamlar: “Gələcəyimizin hansı təhlükələrə urcah olacağını…”

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 18:18

Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında Azərbaycanda “gericiliyi” təbliğ edən qüvvələr və “Qum şəbəkəsi” adlandırdığı çevrələrlə bağlı sərt fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, Azərbaycan cəmiyyətində insanları bir-birindən fərqləndirən əsas məsələlərdən biri ölkənin keçmişinə və gələcəyinə baxışdır:

“Mən aydın, mütərəqqi, gələcəyə sağlam baxışı olan insanları həmişə fərqləndirirəm və dəstəkləməyə çalışıram. Geriçi insan görəndə isə ilk öncə aydınlatmağa çalışıram, anlamadıqda isə həm həyatda, həm də virtual aləmdə dostluğumdan uzaq tutmağa çalışıram”.

F.Mustafa gericiliyi təbliğ edən şəxsləri Azərbaycan maarifçilik tarixinin tanınmış simalarına qarşı çıxmış kütlə ilə müqayisə edib. O, bu cür yanaşmaların “İrançılığın əsl ideoloji yemi” olduğunu iddia edib.

Deputat həmçinin sosial şəbəkələrdə müəyyən məlumatların məqsədli şəkildə yayıldığını bildirib.

Onun sözlərinə görə, əvvəlcə yanlış informasiya ayrı-ayrı səhifələrdə paylaşılır, daha sonra isə “milli qaragüruh” adlandırdığı kütlə həmin məlumatların təsiri altına salınır:

“Növbəti yalan informasiyanı əvvəl səhifələrin birində paylaşırlar, sonra bizim mətn oxumağa alışmamış milli qaragüruhu səhifəyə cəlb edirlər, ardınca da ayrı-ayrı adamlar vasitəsi ilə paylaşımlar edib, yenə də kütləvi psixoz durumu yaradırlar”.

Fazil Mustafa konkret olaraq “Ş.İ.Xətai” ordeninin ləğvi ilə bağlı onun adından yayılan məlumatı da nümunə göstərib.

Deputat “Bizim Yol” adlı səhifənin belə bir iddia yaydığını, ardınca isə “Anar Soltanoğlu” adlı profilin bu məlumatı paylaşaraq onun səhifəsinə qarşı təhqiramiz reaksiyaların yaranmasına səbəb olduğunu yazıb.

O, həmin təklifin harada, nə vaxt və hansı səbəbdən səsləndirildiyinin araşdırılmadığını vurğulayıb:

“Bu təklif harada, nə vaxt, niyə deyilib – kimsəni maraqlandırmır. Deməli, belə bir təklif ümumiyyətlə irəli sürülməsə də, dərhal sürü kimi axışıb əleyhimizə yazırlar”.

Deputat “Qum şəbəkəsi”nin mediada, siyasi partiyalarda, universitetlərdə və AMEA-da kök saldığını iddia edib.

O, bu barədə daha geniş məlumatlara malik olduğunu, lakin hazırkı statusunun bütün detalları açıqlamasına imkan vermədiyini qeyd edib.

F.Mustafa yazıb ki, onun açıqlamalarının heç biri Azərbaycan dövlətinin ali maraqlarına zidd ola bilməz:

“Mənim hansısa bir açıqlamam belə Azərbaycan dövlətinin ali maraqlarına zidd ola bilməz. Söylədiklərim və yazdıqlarımın hamısının arxasındayam”.

Deputat həmçinin Azərbaycanda Səfəviçiliyi müdafiə edən bəzi şəxslərin Türkiyədə fərqli mövqelər nümayiş etdirdiyini bildirib və bu mövzuya “Cəhalət gülləsi, aydınlıq çiləsi” kitabında geniş yer verdiyini qeyd edib.

“Azərbaycançılıq – Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdir”, – deyə Fazil Mustafa vurğulayıb.

Deputat sonda sosial şəbəkə istifadəçilərinə müraciət edərək onları emosiyalarından istifadə edən qüvvələrin təsiri altına düşməməyə çağırıb:

“Duyğularınızdan istifadə edərək ölkədə öz ideoloji təbliğatını genişləndirən düşmən qüvvələrinin əlində alətə çevrilməniz həqiqətən üzücüdür”.

Orxan

Gununsesi.info