Humanitar Tədqiqatlar” İctimai Birliyi əhali arasında sorğu keçirib

  • By admin
  • 20 Aprel 2022 18:25

“Humanitar Tədqiqatlar” İctimai Birliyi “Müharibənin təsirlərinin öyrənilməsi və hesabatın hazırlanması” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində regionlarda müharibədən zərər çəkən şəxslər arasında keçirilən sorğu başa çatıb.

“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində keçirilən sorğu 10 rayonu əhatə edib:

“Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastrukturla bağlı araşdırmaların aparılması, mövcud problemlərin həlli ilə bağlı ictimai müzakirənin təşkili və hesabatın hazırlanmasıdır. Müharibənin təsirinə məruz qalan əhali qruplarının (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) rəyini öyrənmək üçün Tovuz, Qazax, Gəncə, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər təşkil edilib. Sorğuda hər rayondan ən azı 20 nəfər olmaqla 200 nəfər iştirak edib.

Sorğu zamanı əhali və infrastruktur obyetlərinə dəyən zərər, zərərin aradan qaldırılması istiqamətində görülən işlərin nəticələri öyrənilib. Artıq sorğunun nəticələri araşdırılıb və müharibənin təsirinə məruz qalan əhali qruplarının problemləri müəyyənləşdirilib. Həmçinin, müharibənin təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərin nəticələri təhlil olunub. Bu həftə müharibənin təsirinə məruz qalan insanların problemləri, həmin təsirlərin aradan qaldırılması üçün görülən və görülməsi zəruri olan məsələlərlə bağlı onlayn ictimai müzakirə təşkil ediləcək”.

 

Qeyd edək ki, layihənin sonunda müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastruktur haqqında araşdırmaların nəticələrinin, problemlərin həlli ilə bağlı təkliflərin yer aldığı hesabat hazırlanacaq.

 

Gununsesi.info