İntellektual görünmək üzrə çoxlu cəhdlər müəllifi Ayaz Salayev - Orxan Saffari yazır…

  • Müəllif: Orxan
  • 21 Mart 2026 21:30

Ədalət naminə qeyd etmək lazımdır ki, Ayaz Salayev yaxşı kinoşünas, ümumən intellekti olan adamdır. Ancaq təəssüf ki, onun haqqında çox da başqa müsbət keyfiyyətlər demək olmur.

Məsələn, yaxşı film çəkməyi barədə.

Bəlkə də, Ayaz Salayev dünyaşöhrətli kinoşünas ola bilərdi, məhz dünyaca məşhur filmlər də çəkərdi. Ancaq elə onun özünün natamamlıq kompleksi buna imkan vermədi. Allahın köməkliyi ilə, heç bundan sonra da verməyəcək. Çünki Azərbaycanı Ayaz Salayev təfəkkürünün müdafiə etməsi bir az da təhlükəlidir.

Ayaz Salayevin ümumi obrazından danışsaq, belə də demək olar:

“İntellektual görünmək üzrə çoxlu cəhdlər müəllifi”.

Ayaz Salayev həmişəyaşar olmaq yerinə, həmişə və hər şeydən narazı olmağı seçib.

Bu narazılıq bəzən haqlı da yerə də olur. Ancaq onun narazılığı heç də rejissorların yaxşı film çəkməməsi filan deyil, özü ilə bağlıdır.

Məsələn, onu nə vaxt dindiriblərsə, həmişə gənc rejissorlardan, onların çəkdiyi filmlərdən narazı olub. Ona görə özündən başqası yalandır, heç kim heç nə bilmir. Çünki o Sovet dövründə Moksvada oxuyub. Təkcə Salayev yox, Sovet təhsili alan əksər yaradıcı adamların forsu ölkəyə sığmır. Özünün gördüyü işlər də göz qabağındadır. Bircə yaxşı tərəfi var, əl-qolunu yaxşı yellədərək intellektual əda sərgiləyir. Bu da onun intellektual görünmək üçün etdiyi daha bir uğursuz cəhdlərdəndir. Guya yerlə-göylə əlləşən adamdır, onu anlamaq çox çətindir, heç nə və heç kim onun səviyyəsində ola bilmir.

Ayaz Salayev həm də Rus dili sevdasıyla tanınır. Əlbəttə, dil bilmək xüsusilə bir sənət üçün hava-su kimi lazımdır, ancaq həm də milli film çəkmək iddiasında olduğunu deyən adamın Rus dilində düşünməsi faciəsidir. Məgər özü Azərbaycan dilini bilməyən, başqalarına dil söhbətlərinə görə natamamlıq kompleksi çəkdiyini deyən adam necə milli ola bilər? Niyə Azərbaycan dilini öyrənmək yerinə özünü başqa cür biabır etməyi seçir?

Bəlkə Ayaz Salayevin bu millilik söhbətləri daha çox konyukturadır? Görəsən, Ayaz müəllim özünü kimə göstərir?

Yoxsa elə bilirsiniz, ölkədə hamı çörəyi qulağının dibinə yeyir? Niyə gedib Qarabağ haqqında çəkdiyiniz pafoslu, heç bir sənətkarlıq olmayan roliklərinizin dərdini çəkmirsiniz?

Ya elə bilirsiniz ki, ortabab film olan “Yarasa” ilə söhbət bitib?

“Yarasa” niyə ortababdır?

Əsas məsələ odur ki, “Yarasa” filminin forması məzmunu üstələyib. Bu, məhz bu film üçün uğurlu deyil. Sanki Salayev bu filmlə bir söz demək istəyir, amma o sözü ürəyində deyir. Belə olanda isə kino yox, performans effekti yaranır.

Salayev bu filmlə özünü ancaq intellektual göstərmək istəyib. Bu səbəbdir ki, film sanki tezislər üzərindədir, başdan-ayağa simvolikadır. Simvolikanın intellektuallıq adı ilə sırınmağı yeni məsələ deyil. Ancaq Ayaz Salayev özü elə bilir ki, guya çox ciddidir, kütlə üçün deyil, fərdlərin filmidir. Deyərdim ki, bu, film yox, Ayaz Salayevin müxtəlif fikirləridir. Öz aləmində Kafkalıq etdiyini düşünsə də, Tarkovski kimi meditativ dərinlik yaratmağa çalışsa da, bütün bunların hər biri uğursuzdur. Konkret desək, məsələn, Ayaz Salayev də səhnə uzanmır, qəsdən dartılıb uzadılır. Bu isə hər şeydən əvvəl adamı yorur.

Əlbəttə, bu və ya digər şəkildə Ayaz Salayevə veriləsi suallar çoxdur, bəziləri də ritorikdir.

Fəqət məsələ budur, onun düşüncəsi ilə yaradıcılıq arasındakı böyük uçurum var.

Başqa cür desək, Salayev nəzəriyyədə diri, praktikada ölüdür.

Digər bir məsələ, onun estetik zövqü ilə zaman arasında ciddi bir gərginlik var.

Sanki o, müəyyən bir dövrdə dayanıb və oradan çıxmaq istəmir.

Dünya kinosu dəyişir, formalar dəyişir, hekayə danışma üsulları dəyişir, amma onun baxışı çox vaxt keçmişin sərt qəliblərində ilişib qalır.

Orxan Saffari

Gununsesi.info