İrandakı hadisələr Azərbaycana necə təsir göstərə bilər?

  • By Admin2
  • 12 Yanvar 2026 17:09
ərəstun oruclu

Son illərdə dərinləşən sosial-iqtisadi problemlər fonunda İran yeni və daha mürəkkəb bir böhran mərhələsinə qədəm qoyub. Milli valyuta rialın kəskin dəyərdən düşməsi ilə başlayan etirazlar qısa müddətdə iğtişaşlara, ardınca isə ümumxalq narazılığı xarakteri alan proseslərə çevrilib. Bu hadisələr artıq təkcə iqtisadi çətinliklərə qarşı spontan etiraz kimi deyil, siyasi şüarlar və sistemə yönəlmiş tələblərlə müşayiət olunan genişmiqyaslı böhran kimi qiymətləndirilir. Mövcud vəziyyət həm İran daxilində siyasi sistemin dayanıqlılığı, həm də regionda qüvvələr balansı baxımından ciddi suallar doğurur.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Gununsesi.info-ya İranda baş verən hadisələrin mümkün inkişaf ssenariləri, daxili və xarici amillərin rolu, eləcə də bu böhranın regional ölkələrə, xüsusilə Azərbaycana təsirləri kompleks şəkildə təsirindən danışıb.

“Rialın dəyərdən düşməsi ilə başlayan etirazlar iğtişaşların ardınca ümumxalq üsyanına çevrilməkdədir. İndi dünya mediasında və ekspert dairələrində ən çox səsləndirilən sual İranda hadisələrin hansı istiqamətdə gedəcəyi barədədir. Kütləvi etirazların siyasi proseslərə çevrilmək ehtimalı varmı? Nəzərə alsaq ki, bu gün etirazlar zamanı ən çox səsləndirilən elə siyasi şüarlar və tələblərdir, o zaman prosesin artıq siyasi məcraya yönəldiyini deyə bilərik. Amma siyasi məcraya yönəlmiş hər bir proses asanlıqla siyasi hərəkata çevrilə bilmir. Bunun üçün zəruri şərtlər və şərait təmin olunmalıdır. Əksər hallarda onlar siyasi çalarları olan etirazdan uzağa gedə bilmir. İranda baş verənləri də belə kateqoriyaya aid olan hadisə kimi dəyərləndirə bilərik. İlk növbədə ona görə ki, hətta ən kütləvi miqyas almış etirazların da siyasi hərəkata çevrilməsi üçün onu təşkilatlandıran və yönəldən strukturlaşmış güclü müxalifətin mövcud olması vacibdir. İranda isə çoxsaylı müxalif qruplar mövcud olsa da, vahid mərkəzləşmiş idarəetmə mexanizmləri və ümumi hədəfləri olan ümumxalq hərəkat və ya partiya yoxdur. Elə həmin səbəbdən də kütləvi iğtişaşlara çevrilmiş etirazların bundan sonra siyasi mübarizədən daha çox pərakəndə dağıdıcılığa, talançılığa və pozuculuğa keçmək ehtimalı daha yüksəkdir. Bu da son nəticədə yalnız mövcud rejimin marağına xidmət edə bilər”, – deyə o  bildirib.

Oruclu onu da bildirib ki, təşkilatlanmış müxalifətin mövcud olmaması üsyan nəticəsində ələ keçirilmiş ərazilərdə, xüsusilə də orta və böyük şəhərlərdə idarəetmənin tətbiq olunmasına təminat verə bilməz:

“Təşkilatlanmış müxalifətin mövcud olmaması üsyan nəticəsində ələ keçirilmiş ərazilərdə, xüsusilə də orta və böyük şəhərlərdə idarəetmənin tətbiq olunmasına təminat verə bilməz. Bu da öz növbəsində həmin bölgələrdə əhalinin zəruri məhsullarla təminatında mövcud olan böhranın daha da dərinləşməsi deməkdir. Belə olduqda da əhali arasında parçalanma meyllərinin artması müşahidə olunardı. Şübhəsiz ki, bu amil də yalnız hakimiyyətin xeyrinə işləyə bilər”.

Ekspert, həmçinin bildirib:

“İğtişaşlara və hətta üsyana baxmayaraq, ölkədəki əsas idarəetmə, maliyyə və güc resursları əsasən hakimiyyətin nəzarətində qalmaqdadır. Xarici amillərin təsiri isə istənilən halda həlledici rol oynaya bilməz, çünki onların ölkənin daxilindəki resursları yetərli deyil. Başqa bir sual da budur ki, İrana təsiri olan və ya təsirini yaymağa çalışan xarici amillərin hədəf və məqsədləri nədən ibarətdir? Görünən budur ki, əsas xarici təsir amilləri rolunu oynamağa çalışan ABŞ-ın və İsrailin proseslərə müdaxilə ilə bağlı ya konkret planı yoxdur, ya da onların arasında prinsipial ziddiyyətlər mövcuddur. Müşahidələr onu göstərir ki, İsrail İranda rejimin dəyişməsinə çalışsa da, ABŞ məsələyə daha praqmatik yanaşır. Bundan başqa da ABŞ xarici siyasətinə təsir edən respublikaçıların müxtəlif qrupları arasında da diametral ziddiyyətlər mövcuddur. Tramp administrasiyasının əsas ictimai dəstəyini təşkil edən və “Öncə Amerika” prinsipi üzrə fəaliyyət göstərən MAGA (Make America Great Again) qrupu izolyasiya siyasətinin tərəfdarı olduğu halda, “neokonlar” (yeni mühafizəkarlar) adlanan digər qrup ABŞ-ın qlobal güc olmasını onun aktiv xarici siyasət kursu yürütməsində görür. Tramp administrasiyası bu şəraitdə manevr etmək məcburiyyətindədir. İrana qarşı güc tətbiq etməyin əleyhdarları bildirirlər ki, İran rejiminin siyasi arenadan çıxması təkcə uzunmüddətli hakimiyyət vaakuumuna deyil, hətta ölkənin parçalanmasına da səbəb ola bilər. Bu da bütün bölgəyə neqativ təsir göstərərək, Yaxın Şərqdə güc balansının dəyişməsi, onun davamlı qeyri-sabitliyə yuvarlanması və yaranmış boşluqların çeşidli ekstremist və terrorçu elementlərlə doldurulması ilə nəticələnə bilər. Dünyanın enerji resurslarının xeyli hissəsinin cəmləşdiyi bölgədə belə dinamikanın baş tutması həm enerji daşıyıcılarının qiymətinin artması ilə qlobal iqtisadi vəziyyətə təsirsiz ötüşməyə bilər. Digər tərəfdən İranın uzunmüddətli hərbi-siyasi böhran vəziyyətinə düşməsi Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin bölgədə rolunun artması, onların təsir dairəsinin genişlənməsi demək olardı. Belə bir nəticə isə qlobal güclərin marağına uyğun deyil”.

“Digər bir təhlükəli nəticə isə ölkənin zəngin hərbi potensialının nəzarətsiz qrupların əlinə keçməsi ola bilər. Bu da nəinki ABŞ-ın və ya digər qlobal güclərin, heç region dövlətlərinin də maraqlarına cavab verməzdi. Üstəlik də İran məsələsində Rusiya-Çin tandemi ilə ABŞ-İsrail cütlüyünün maraqları kəskin şəkildə toqquşur. Odur ki, mövcud şəraitdə ABŞ-ın İranı zəiflədərək kompromisə məcbur etmək istəyi ölkədəki rejimi dəyişməkdən daha inandırıcı görünür. Amma hər bir halda hadisələrin yekun nəticəsi daha çox ölkə daxilində proseslərin gedişatından asılı olacaq”, – deyə o əlavə edib.

Ərəstun Oruclu baş verənləri qonşu ölkələrə təsirindən də danışıb:

“Bu gün İranda baş verənlər onun daxili siyasəti ilə yanaşı qonşu ölkələrə də təsirsiz ötüşməyəcək. O cümlədən də Azərbaycana. İranda sabitliyin pozulması Azərbaycan-İran iqtisadi və ticari əlaqələrinin nəzərə çarpacaq dərəcədə zəifləməsi ilə müşaiyət olunacaq. Bundan başqa, böhranın dərinləşməsi nəqliyyat-kommunikasiya əlaqələrinə də neqativ təsirsiz ötüşməyəcək. Böhranın uzunmüddətli davamı isə İrandan qaçqın axını səbəbindən Azərbaycan-İran sərhəddində də gərginlik yarada bilər. Bu da öz növbəsində iki ölkə arasındakı onsuz da həssas münasibətlərə neqativ təsir göstərərdi. Nəhayət, İrana qarşı hərhansı hərbi əməliyyatlar baş tutarsa, bunun da birbaşa və ya dolayısı ilə Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarada biləcəyi istisna edilmir. Odur ki, yaranmış qeyri-müəyyən vəziyyətdə Azərbaycan üçün ən optimal mövqe baş verənlərə neytral münasibət sərgiləmək və preventiv təhlükəsizlik tədbirlərinin artırılması ola bilər. İrandakı hadisələrin daha miqyaslı zorakılıq ssenarisi üzrə davam edəcəyi ehtimalı da kifayət qədər yüksəkdir. Mümkündür ki, bir müddət hadisələrə aktiv müdaxilə etməyən İran hakimiyyəti sonda iğtişaşların dayandırılması məqsədilə sərt gücə əl atacaq və bununla da az qala bütün ölkə ərazisinə yayılmış etirazların növbəti mərhələsi bir müddətə də olsa başa çata bilər. Amma İrandakı problemləri bununla aradan qaldırmaq mümkün olmayacaq, çünki onların kökündə ölkənin siyasi və iqtisadi baxımdan təcrid olunması səbəbindən yaranmış dərin siyasi və sosial-iqtisadi böhran dayanır”.

Gununsesi.info