İranla bağlı şok iddia: "Müctəba keçicidir, iqtidara hərbçilər gələcək"

ABŞ-ın və İsrailin raket hücumları nəticəsində qətlə yetirilmiş İranın ali rəhbəri ayətullah Əli Xamneinin postuna yeni şəxs seçilib.

Bu Xamneinin oğlu Müctəba Xameneidir. O, 88 nəfərlik Ekspertlər Şurası Məclisi Xubrəqanın qərarı ilə bu posta seçilib. 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi şərhçi Elman Cəfərli hesab edir ki, Müctəba Xamneinin bu postda uzun müddət qalacağı şübhəlidir:

“İsrail-ABŞ ittifaqının İrana qarşı hərbi əməliyyatları davam edir. Hər gün İranın hərbi, siyasi və dini rəhbərliyinə daxil olan şəxslər öldürülür. Tramp və Netanyahu dəfələrlə bildiriblər ki, vilayəti fəqih rejimi tarixin arxivinə getməlidir. O halda Müctəba Xamneyinin ali rəhbər postunda uzun müddət qalacağı şübhə doğurur. Fikrimcə, ABŞ və İsrailin İranda yeni iqtidarla bağlı planı başqadır. Mənim qənaətimcə, Qərb İranda molla rejimindən sonra hərbi diktaturanın yaranmasından yanadır. Məsələn, Misirdə islamçı prezident Məhəmməd Mursi devrildikdən sonra hakimiyyətə general Əbdülfəttah əl-Sisi gəldi. 1920-ci illərdə osmanlı Türkiyəsində xəlifə və sultan devrildikdən sonra hakimiyyətə Mustafa Kamalın rəhbərliyi ilə generallar gəldi. Onlar 1950-ci ilə qədər ölkəni təkpartiyalı sistemlə idarə etdilər. Eynilə İranda da imamətdən sonra bu tipli rejimin qurulması planlaşdırılır. Yeri gəlmişkən, SEPAH-ın Qüds qolunun komandiri İsmayıl Qaaniyə qarşı itithamların artması da bu planla bağlı şübhələri artırır. Görünür, Qərbin bir sıra dairələri ABŞ molla rejimindən sonra hakimiyyətin formalaşdırılması ilə bağlı Qaani ilə təmaslara keçibmiş”.

Müctəba Xameneinin siyasi kimliyinə, xarakterinə gəlincə, E.Cəfərli deyib ki, zəif fiqur olan varis atasından qalan boşluğu doldura bilməz:

“Elə buna görədir ki, Xamenei ölənə yaxın səlahiyyətlərinin əhəmiyyətli hissəsini Əli Laricaniyə verdi. Yəqin ki, yaxın günlərdə öldürülməsə,  generallar hakimiyyəti ələ keçirməsə yəqin ki, Müctəba Xamenei iqtidarı elə bu cür də davam edəcək. O, nominal mənəvi lider olacaq (daha doğrusu ölmüş liderin varisi), Qərblə danışıqlarda mühüm konseptual məsələləri Əli Laricani həll edəcək. Məsud Pezeşkian isə prezident kimi vəzifəsini davam etdirəcək”.

 

 

Şəbnəm

Gununsesi.info