Motosiklet, moped sürücüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə dəvət olunub, onlara qaydalar izah edilib, real qəza kadrları izlədilib.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.
İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır.












