“Narkoloji qeydiyyatda olan şəxslər də qanun qarşısında məsuliyyət daşıyır” -Hüquqşünas

Narkoloji qeydiyyatda olan şəxslərin cinayət törətməsi hüquqi baxımdan ciddi məsələdir.

Belə hallarda məsuliyyətin kimdə olması hələ də mübahisə olaraq qalır.

Görəsən, cinayət məsuliyyəti əsasən kimin üzərinə düşür?

Gununsesi.info-ya danışan hüquqşunas Xəyal Məmmədov mövzunu belə şərh edib:

“Mən bu məsələyə hüquq üzrə mütəxəssis kimi çox dəqiq və birmənalı yanaşıram: narkoloji qeydiyyatda olmaq – cinayət məsuliyyətindən yayınmaq üçün heç bir əsas yaratmır. Əgər şəxs cinayət törədərkən öz hərəkətlərini dərk edir və onları idarə edə bilirdisə, o, qanun qarşısında tam məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsi bu məsələdə açıq və birmənalı mövqe ortaya qoyur: yalnız öz hərəkətlərinin əhəmiyyətini dərk etməyən və onları idarə edə bilməyən şəxs məsuliyyətə qadir sayılmır. Burada əsas meyar şəxsin qeydiyyatda olması deyil, cinayəti törətdiyi anda onun psixi və iradi vəziyyətidir. Yəni məsuliyyətin olub-olmaması tibbi sənədlə deyil, məhkəmə-psixiatrik ekspertizanın nəticəsi ilə müəyyən olunur”.     

Hüquqşünas bildirib ki, bəzən narkoloji qeydiyyatda olan şəxslər cinayəti tam şüurlu şəkildə törədirlər və məhkəmə müəyyən edir ki, onlar hadisə zamanı öz davranışlarını idarə edə biliblər.

“Təcrübəmdə də belə hallar çox olub. Bu halda həmin şəxslər digər vətəndaşlar kimi tam cinayət məsuliyyətinə cəlb olunurlar. Əlbəttə, elə hallar da olur ki, şəxs asılılığın elə bir mərhələsində olur ki, artıq öz hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman ekspertiza göstərir ki, o, məsuliyyətə qadir deyil. Belə hallarda həmin şəxs cinayət məsuliyyətindən azad edilir, amma bu o demək deyil ki, məsuliyyətsiz qalır – ona qarşı məcburi tibbi müalicə tədbiri tətbiq olunur.

 Cəmiyyət anlamalıdır ki, narkoloji qeydiyyat – tibbi nəzarət formasıdır, hüquqi toxunulmazlıq deyil. Bu, insanı nə qanun qarşısında, nə də vicdan qarşısında məsuliyyətdən azad etmir. Mənim mövqeyim birmənalıdır: Kim cinayət törədirsə, məsuliyyəti də daşıyır. Qeydiyyatda olmaq sadəcə tibbi faktordur, hüquqi məsuliyyətin qarşısında heç bir üstünlük yaratmır.

Onun sözlərinə görə, narkomaniya problemini yalnız hüquqi deyil, həm də sosial və psixoloji aspektdən dəyərləndirmək lazımdır.

“Dövlətin məqsədi belə şəxsləri cəzalandırmaqdan çox, onları müalicə edib cəmiyyətə qaytarmaq olmalıdır.A mma bu, heç bir halda o demək deyil ki, törədilən cinayət cəzasız qalmalıdır”– deyə fikirlərini yekunlaşdırıb.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info