Okeanın o tayından gələn boş bəyanatlar sahibi - Saffari yazır…

Əlbəttə, danmaq olmaz, Azərbaycan siyasi tarixində Rəsul Quliyev adı həkk olunub.

Ancaq qızıl hərflərlə, ya özüpozan qələmlə-bax bu, bir qədər mübahisəli məsələdir.

Rəsul Quliyev Azərbaycan siyasi tarixində elə fiqurlardandır ki, adı çəkiləndə adamın yadına həm parlament tribunasının gurultusu gəlir, həm də uzun illər okeanın o tayından verilən boş-boş siyasi bəyanatların danqıltılı səsi.

Heç şübhəsiz, Azərbaycanda ən yüksək postlara qədər yer tutan, tutduğunu isə buraxmaq istəməsə belə, buna məcbur qalan Rəsul Quliyev, əlbəttə, zidiyyətli şəxsiyyətdir.

Məsələn, Rəsul Quliyev bu gün iqtidara nə qədər yaxınlıq eləməyə çalışsa da, ölkəyə hələ də gələ bilmir. Bu məqam həm onun siyasi simasının necə ikiləşməyini göstərir, həm də İlham Əliyevin ikili oyun oynayanlara qarşı ömür uzunu dəyişməz münasibətini.

Bu yaxınlarda ailəsi Azərbaycana gələ bilmişdi. Elə bil, rayonda toydu, özü gələ bilmir deyə, yerinə arvad-uşağı göndərib.

Obrazlı desək, Rəsul Quliyev Azərbaycan siyasətində həmişə şahmat yox, nərd oynayıb. O qədər qoşa atıb ki, bu qoşalar onu sonda mars edib. Beləcə, siyasət taxtını veriblər qoltuğuna.

Onu deyim, əslində, Rəsul Quliyevin Azərbaycan siyasətində ən maraqlı tərəfi elə mühacir həyatı yaşamağa başlayanda oldu. Bu mənada maraqlı oldu ki, romantikləşməyə başladı, Trampsayağı bəyanatlar verdi, xarici tribunalarda özünü təsdiq etməyə çalışdı. Ancaq iddiasında olduğu taxt-tacın taxtının altında qaldı.

Rəsul Quliyevin keçmişdə az-çox bir çəkisi olmuşdu, ancaq gələcək cazibəsi qətiyyən olmadı. Məhz buna görə də okeanın o tayında siyasi iddiaları gülməli və romantik idi.

Bəli, 1996-cı ildən etibarən ABŞ-də siyasi mühacir həyatı yaşayan Rəsul Quliyev, ilk baxışda adama çox prinsipial, amansız siyasətçi, yolundan dönməz adam təsiri bağışlayır. Ancaq bu təsiri çox da təsiri yoxdur. Elə belə bağışlayır və bitir.

Heç nə yox, onun yazdığı kitablara -“Demokratiyaya gedən yol”, “Mübarizəmizin məqsədi”, “Diktatorla üz-üzə”, “Axına qarşı”, “Həqiqətin qiyməti”, “Disidentin taleyi” kimi kitablara baxırsan, bir də fəaliyyətinə. Sonra da istəyirsən gedəsən ABŞ-yə, Trampla yeyib-içəndən sonra zəng vurasan Rəsul Quliyevə, deyəsən, Rəsul müəllim, siz Allah, məzələnirsiniz?

Dərinə gedəndə, Trampın Azərbaycana daha çox dəxli var, Tramp daha çox xeyir verib, nəinki Rəsul Quliyev.

Rəsul Quliyev vaxtı ilə ölkənin siyasi mətbəxində elə yerdə idi ki, qazan qaynayanda qapaq da onun əlindəydi. Yəni sadəcə iştirakçı deyildi, menyunu bilənlərdən idi. Amma siyasət mətbəxi fərqlidir. Bir gün sən plovun üstünə zəfəransan, sabah görürsən ki, salatın yanında limonsan. Rəsul müəllim də bir vaxtlar dövlət süfrəsinin baş tərəfində oturub, sonra usə taleyin qəribə ironiyası ilə siyasi “take away” kofeyə oxşadı.

Nəhayət, daha sonra da nə dadı qaldı, nə də duzu.

Əslində, bəzi siyasətçilər var, onlar ölkədən getsələr belə, təsirləri qalır, heç olmasa, xatirələri olur. Bəziləri də var ki, fiziki olaraq uzaqlaşdıqca, siyasi olaraq da buxarlanırlar.

Bu mənada, Rəsul Quliyev buxarlanıb. Onun siyasi çıxışları stəndupı xatırladır. Allah var, igidi öldür, haqqını yemə. Rəsul Quliyev Fərda Xudaverdiyevdən daha gülməli stənduplar edir.

Rəsul Quliyev ABŞ-yə gedəndən sonra özünü uzaq qohumlar kimi aparmağa başladı. Heç nəyə xeyri olmasa da, hərdən-bir özünü xatırladır, mən də varam deyir, ancaq bilirsən ki, nəsə işi düşəcək, bir iş qaynadacaq, ona görə də əl çəkmir, əlaqə saxlayır.

Başqa sözlə desək, bütün bunların fonunda onun obrazı bir az köhnə model “Mercedes”i xatırladır. Yəni vaxtı ilə prestijli idi, diqqət çəkirdi, hətta heyranlıq doğururdu.

Amma illər keçdikcə yeni mühərriklər, yeni texnologiyalar, hətta yeni yollar ortaya çıxdı. Ancaq Rəsul Quliyev hələ də köhnə açarla yeni qapıları açmağa çalışır. O açar isə “zamoka” düşmür.

Uzun illər onun haqqında “böyük qayıdış” düşüncəsi də oldu. Bəzi adamlar elə bilirdi ki, o, bir dönüş nöqtəsi olacaq. Amma zaman keçdikcə bu “böyük qayıdış”
Novruz bayramında kəndə gələcəyini deyib, axırda isə gələ bilməyən qohuma döndü.

Orxan Saffari

Gununsesi.info