Ordunun təminatı birbaşa Prezidentin nəzarətindədir - DEPUTAT

Ötən gün deputat Razi Nurullayev Milli Məclisin iclasında Ordunun təminatında problemlərin olması haqqında iddialar səsləndirib. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov həmkarının fikirləri ilə razılaşmayaq, ona iradlarını bildirib.

“Azərbaycan əsgərinin ərzaq problemi yoxdur. Ordumuzun təminatı yüksək səviyyədədir və birbaşa Prezidentin nəzarətindədir. Belə hal varsa, müvafiq strukturlara çatdıra bilərik. Mən xahiş edirəm, Ordumuz haqqında fikirlər səsləndirərkən nəzərə alın ki, bunu düşmən də izləyir” – Z. Əsgərov deyib.

HTML tutorial

Mövzu ilə bağlı bağlı Modern.az-a danışan deputat Arzu Nağıyev də ittihamları əsassız hesab etdiyini vurğulayıb.

Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Birinci Qarabağ müharibəsi veteranı olan Arzu Nağıyev xırda çatışmazlıqların ümumiləşdirilməsinin əleyhinə olduğunu söyləyib.

“44 günlük müharibə göstərdi ki, Ordunun qoşun növündən, onların strukturundan asılı olaraq təminatı mövcuddur. Bu gün Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş silah və sursatlar, eyni zamanda təminat Dövlət Təhlükəsizlik Xidməti, Daxili Qoşunlar, Sərhəd Qoşunları üçün fərqlənir. Vətən müharibəsi sübut etdi ki, təminatda hər bir qoşun növünün ayrılıqda maraqları və tələbatı nəzərə alınmalıdır. Bu, gələcəkdə strateji məsələlərin həlli baxımından vacibdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişiklik layihəsinin əsas məramı da bundan ibarətdir.

Təbii ki, ordunun təminatı məsələsində hər şeyin mükəmməl şəkildə həyata keçirildiyini də iddia edə bilmərik. İş varsa, çatışmazlıqların olması istisna deyil. Azərbaycan Ordusunun təminatı birbaşa Prezidentin nəzarətindədir. Müdafiə Nazirliyinin iştirakı ilə proseslər yoxlanılır, problemlər varsa, nəzərə alınır. Xırda problemlərin qarşısını almaq isə yerlərdə həllini tapmalı məsələdir”, – deyə deputat qeyd edib.