Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya müraciət

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 09:37
Bakı Qızlar Universitetinin professor-müəllim heyəti və əməkdaşları ali məktəbin bağlanması ilə bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət ediblər.
Gununsesi.info müraciəti təqdim edir:
“Hörmətli Mehriban xanım!
Otuz beş il Azərbaycan təhsilinə xidmət etmiş Bakı Qızlar Universitetinin professor‑müəllim heyəti və əməkdaşları adından Sizə böyük ümid və dərin məsuliyyət hissi ilə müraciət edirik.
Bu müraciət təkcə bir ali təhsil müəssisəsinin taleyi ilə bağlı deyil. Bu, Azərbaycan qadınının maariflənməsi, milli maarifçilik ənənələrinin davamı və otuz beş il ərzində formalaşmış elmi‑pedaqoji irsin gələcəyi ilə bağlı müraciətdir.
Azərbaycanda qadın təhsilinin inkişafı Hacı Zeynalabdin Tağıyevin yaratdığı qızlar məktəbi ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu ənənənin davamı olaraq XX əsrin sonlarında Bakı Ali Pedaqoji Qızlar Seminariyası yaradıldı. 1992-ci ildə professor, pedaqoji elmlər doktoru, yüzlərlə əsərin müəllifi yazıçı dramaturq Ağarəhim Rəhimovun təşəbbüsü ilə Bakı Qızlar Universiteti təsis olundu. Universitetin missiyası yalnız ali təhsil vermək deyil, milli-mənəvi dəyərlərə bağlı, savadlı, vətənpərvər Azərbaycan xanımları yetişdirmək idi.
Otuz beş il ərzində universitet dövlət təhsil standartlarına uyğun fəaliyyət göstərmiş, minlərlə məzun yetişdirmiş, magistratura şöbəsi yaratmış, ölkənin müxtəlif ali məktəblərindən tanınmış alimləri tədris prosesinə cəlb etmiş, akademik və elmi fəaliyyətini daim açıq və şəffaf şəkildə həyata keçirmişdir. Təmiz və sağlam mənəvi mühiti ilə seçilən bu elm ocağında təhsil alan tələbələrin hazırlıq səviyyəsi ölkəmizin digər özəl ali təhsil müəssisələrindən geri qalmamış, bunu məzunlarımızın uğurları da təsdiqləmişdir.
Bu gün dünyanın bir çox ölkələrində qadın universitetləri dövlət tərəfindən qorunur və inkişaf etdirilir. Cənubi Koreyanın Ewha Womans University, Yaponiyanın Japan Women’s University, Ochanomizu University və Konan Women’s University, Səudiyyə Ərəbistanının Princess Nourah bint Abdulrahman University, Pakistanın Fatima Jinnah Women University, Lahore College for Women University və Shaheed Benazir Bhutto Women University, Hindistanın Banasthali Vidyapith və Assam Women’s University kimi, digər ali məktəblər qadın təhsilinin inkişafına mühüm töhfə verir.
Azərbaycanın bütün ali təhsil müəssisələrinin qapıları qızlarımızın üzünə açıqdır və bu, qürurverici nailiyyətdir. Lakin Bakı Qızlar Universiteti ölkəmizdə yalnız qızların təhsil aldığı yeganə ali təhsil müəssisəsi kimi xüsusi missiya daşıyırdı. Arzumuz gələcəkdə belə ali məktəblərin daha da artmasıdır. Ancaq bu gün əlimizdə olan 35 illik təcrübəsi olan yeganə qadın universitetinin işığının sönməməsini istəyirik.
Qəbul edilmiş qərar bizi dərindən sarsıtmışdır.
Hörmətli Mehriban xanım, Siz Azərbaycan qadınının, təhsilinin və milli-mənəvi dəyərlərinin ən böyük himayədarlarından birisiniz. Buna görə də ümidimiz və inamımız Sizədir. Səmimi qəlbdən xahiş edirik ki, Azərbaycan qadın maarifçiliyinin mühüm simvollarından birinə çevrilmiş Bakı Qızlar Universitetinin 35 illik tarixinə, Azərbaycan təhsilinə verdiyi töhfələrə və qadın təhsilinin inkişafındakı roluna bir daha diqqətlə baxılsın, universitetimizin fəaliyyətinin davam etdirilməsi və onun elmi-pedaqoji potensialının qorunması üçün köməklik göstərəsiniz.
İnanırıq ki,Sizin diqqətiniz və dəstəyiniz sayəsində Bakı Qızlar Universitetinin işığı sönməyəcək”
Xatırladaq ki, Bakı Qızlar Universiteti ilə bağlı Elm və Təhsil Nazirliyi açıqlama yayıb.