“Atalar və oğullar” problemi həm də Azərbaycan kinosunun problemidir. Daha dəqiq, Rafael Dadaşavun da.
Əslində, Rafael Dadaşov ekran üçün kifayət qədər uğurlu, daha dəqiq, yaraşıqlı simadır. Ancaq uğurlu sözünü onun istedadı haqqında demək mümkün deyil. Bu səbəbdir ki, yaraşığına görə ona hələ gənclik illərində “Azərbaycanın Allen Delonu” deyirdilər.
Ümumiyyətlə, Rafael Dadaşov əvvəlcə atası Məlik Dadaşovun kölgəsinə, daha sonra isə xarizmatik olmasına görə parlaya bilmişdi. Əks halda, o, heç vaxt uğurlu ola bilməzdi.
Obrazlı desək, onun insanların yaddaşında siması qalıb, rolları yox. Bu mənada, tamaşaçı Rafael Dadaşovu yox, daha çox onun soyadını izləyib. Konkret desək, Rafael Dadaşovun istedadı yox, fotosu məşhurdur. Məsələn, o cür sima qadınların yadından çıxmaz deyə Rafael Dadaşov unudulmaz hesab edilir.
Rafael Dadaşov özü də aktyor olmaq istəmirdi, sevmirdi bu işi. Bir növ, Azərbaycan kinosunda təsadüfi adam idi. Onun filmə az çəkilməsinin əsas səbəbi də istedad çatışmazlığı olub. Az çox səhnə performansı olsa da, kino fakturası yox idi. Çalışırdılar ki, çox ciddi rolları da ona verməsinlər. Arzusunda olduğu “Hamlet” rolu kimi. Yəni bəzi şeylər var, onlar yaraşıqla filan da düzələn iş deyil.
Rafael Dadaşovun heç vaxt ciddi rolları, daha dəqiq, ciddi performansı olmayıb. Viziual görüntünü kənara qoyanda görürsən ki, ondan geriyə heç nə qalmır və əslində, çox da böyük istedad tələb etməyən bir performansı var. İstənilən ortabab aktyorun performansları da eyni cür olur onsuz.
Onun bir neçə roluna baxanda müşahidə etmək olur ki, bu aktyor hər zaman özü özünü təkrarlayıb. Obrazlı desək, məsələn, rollarında emosiyanı yaşamaq yerinə, onu nümayiş etdirməyi seçib. Buna da istedad yox, viziual görüntü səbəb olub.
Bəzən belə olur ki, aktyor rolun kölgəsində qalır, bəzən rol aktyorun, bəzən də hər ikisi operatorun işığının altında əriyib gedir. Rafael Dadaşovda üçüncüdür.
Üstəlik, yaxşı aktyor kameranı unudur, ortabab aktyor kameraya işləyir, zəif aktyor isə kameraya poza verir. Aradakı fərq çox incədir, amma nəticəsi dağıdıcıdır. Rafael Dadaşov heç vaxt bu incə xətti tuta bilməyib.
Kino tarixində böyük aktyorları fərqləndirən əsas şey çevrilmə qabiliyyətidir.
Məsələn, Daniel Day-Lewis hər filmində sanki başqa anatomiyaya keçir.
Joaquin Phoenix bir rolda əsəbi sakitlik, digərində psixoloji uçurum yarada bilir.
Bu adamlar mimikanı dəyişmir, sinir sistemini dəyişir.
Bizim bəzi ekran simaları isə rolları dəyişir, amma özlərini yox.
Məsələn, obraz kəndlidirsə, eyni baxış. Obraz ziyalıdırsa, yenə eyni baxış. Obraz mənfidir, bu dəfə də eyni. Ən yaxşı halda qaşları yuxarı qalxır, vəssalam.
Qəribəsi də odur ki, bütün bunları tamaşaçı həzm edir, sevir, dəstəkləyir və hesab edir ki, doğrudan da ən yaxşı budur, belədir.
Orxan Saffari
Gununsesi.info











