Bəzi hallarda göstərilən “endirimlərin” real olmadığı, qiymətlərin əvvəlcədən süni şəkildə artırılaraq daha sonra endirim kimi təqdim edildiyi iddia olunur.
Bu isə istehlakçı hüquqlarının pozulması ilə bağlı suallar yaradır.
Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyevin sözlərinə görə, istehlakçıların yanlış məlumatlandırılması və ya aldadıcı reklamların yayılması qanunvericilik baxımından hüquq pozuntusu hesab olunur.
Onun fikrincə, əgər məhsul və ya xidmət barədə təqdim edilən endirim real deyilsə və istehlakçı bu məlumat əsasında aldadılırsa, bu artıq qanun pozuntusudur və məsuliyyət yaradır.
Bəs maraqlıdır, saxta endirimlər necə müəyyən edilir?
Hüquqi praktikada saxta endirimlər adətən aşağıdakı hallarda ortaya çıxır:
1)qiymətin əvvəlcədən süni şəkildə artırılıb sonra endirim kimi göstərilməsi;
2)real bazar qiymətindən fərqli şəkildə “yalançı endirim faizi” təqdim edilməsi;
3)kampaniya adı altında standart qiymətin dəyişdirilməməsi.
Belə hallar istehlakçının düzgün qərar verməsinə mane olur və ədalətsiz ticarət praktikasına daxil edilir.
Şikayət etmək mümkündürmü?
Hüquqşünas bildirib ki, bu cür hallarla qarşılaşan istehlakçılar aidiyyəti dövlət qurumlarına şikayət edə bilərlər.
Onun sözlərinə görə, istehlakçı aldadıldığı halda hüquqlarını müdafiə etmək üçün şikayət mexanizmlərindən istifadə edə bilər. Bu həm inzibati qaydada, həm də müvafiq orqanlar vasitəsilə həyata keçirilir.
Orxan
Gununsesi.info











