“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə veriləcək.
Valideynlər və ya digər qanuni nümayəndələr övladlarının, həmçinin qəyyumluğunda və ya himayəsində olan şəxslərin geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər.
Təhsilalanların bu sənədin tələblərinə riayət etməsi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Qərar qəbul edildiyi tarixdən etibarən beş iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.












