Ukraynada daha bir rusiyalı generalın ölümü təsdiqləndi

  • By admin
  • 08 İyun 2022 08:59

Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin sözlərinə görə, general Roman Kutuzov Luhansk vilayətində gedən döyüşlərdə ölüb.

Ukraynanın şərqindəki separatçılar daha bir yüksək rütbəli rusiyalı generalın ölüm xəbərini təsdiqləyib.

Azadlıq Radiosunda olan məlumata görə, hərbi komandir, general-mayor Roman Kutuzov Ukrayna ordusu ilə savaşda ölüb.

Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin iyunun 7-də özünün Telegram hesabında general Kutuzovla vidaşaldıqlarını yazıb.Onun yazdığına görə, general Luhansk vilayətində gedən döyüşlərdə ölüb.

Bir neçə kremlpərəst jurnalist hələ İki gün əvvəl Kutuzovun Luhansk vilayətinin Popasna rayonu, Nikolayevka kəndi yaxınlığında öldürülməsi barədə məlumat yaymışdılar.

Amma bu məlumat istər Ukrayna, istərsə də Rusiyanın rəsmi orqanları tərəfindən hələ ki, təsdiqlənməyib.

Rusiya Dövlət Teleradio şirkətinin əməkdaşı Aleksandr Sladkovun sözlərinə görə, general Kutuzov fevralın 24-də Moskvanın Ukraynaya hücumundan sonra öldürülən dördüncü rus generalıdır.

Rusiya tərəfi öz itkiləri barədə az məlumat versə də, bir sıra müstəqil kütləvi informasiya vasitələri (KİV) Ukraynada daha çox Rusiyalı zabitin həlak olduğunu yazırlar.

“The New York Times” qəzeti bu yaxınlarda Ukraynada 12 rusiyalı generalının öldürülməsi barədə məlumat yaymışdı.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Gununsesi.info