
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin intensiv hücumlarının davam etdiyi Qəzza zolağındakı işçiləri və tibb müəssisələri ilə hələ də əlaqə saxlaya bilmir.
Gununsesi.info bildirir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədə məlumat verib.
Qebreyesus Qəzza zolağının intensiv bombardmanlara məruz qalmasından təəssüfləndiyini bildirib.
“Belə olan halda xəstələri təxliyə etmək və ya təhlükəsiz sığınacaq tapmaq mümkün deyil. Elektrik enerjisinin kəsilməsi də təcili yardım maşınlarının yaralılara çatmasına mane olur.Bizim heyətimiz və tibb müəssisələri ilə hələ də əlaqəmiz yoxdur və mən onların təhlükəsizliyindən narahatam”, – ÜST-nin baş direktoru yazıb.
Qebreyesus tərəflər arasında barışığı təmin etmək üçün təsiri olan hər kəsi təzyiq göstərməyə, həmçinin bu istiqamətdə təcili tədbirlər görməyə çağırıb.
Qəzzada son vəziyyət
İsrailin blokadada olan Qəzza zolağına intensiv hücumları fonunda stasionar və mobil rabitə, eləcə də internet tamamilə kəsilib.
İsrail ordusu hava hücumlarını artırdığını və quru əməliyyatlarını genişləndirdiyini açıqlayıb.
Qəzza zolağında minlərlə yaralı və mülki vətəndaşın olduğu ən böyük tibb müəssisəsi olan “Şifa” xəstəxanası da İsrail ordusunun hücumuna məruz qalıb.
İsrail-Fələstin münaqişəsi
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin başlanğıcından bəri 1400-dən çox israilli və 7,3 mindən çox fələstinli həlak olub.
Gununsesi.info