Vergi Məcəlləsinə dəyişikliklər niyə gizli saxlanılır? - HÜQUQŞÜNAS RƏYİ

  • By admin
  • 14 Noyabr 2022 17:48

Milli Məclis və Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişiklikləri hələ də ictimaiyyətə açıqlamayıb. Rəsmi məlumatlara görə, məcəlləyə dəyişikliklər üçün 400-dən artıq təklif daxil olub və bunların bir hissəsi nəzərə alınıb. Yaxın günlərdə Milli Məclisin deputatları ölkə biznesi üçün ən əsas sənəd olan Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək. Burada bir çox ciddi yeniliklər, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan işğaldan azad edilmiş zonalarla bağlı güzəştlər əksini tapıb. Amma qanuni əsas olmadan Vergi Məcəlləsinə dəyişiklikləri tam olaraq ictimaiyyətə açıqlanmır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, əslində, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi dövlət büdcəsi haqqında qanun layihəsinə əlavə edilmiş sənədlər paketinə daxil olduğu üçün ən geci 25 oktyabrda dərc olunmalı idi: “Lakin qanun layihələrinin ictimaiyyətə açıqlanmaması bizdə adi haldır. Milli Məclisin saytında “Qanun layihələri” bölməsi var. Ora daxil olanda görürük ki, payız sessiyasında müzakirəyə çıxarılan layihələrin çox cüzi hissəsi orada dərc olunub.

Bunun üç səbəbi var. Birinci səbəb savadsızlıqdır. Layihələr çox bərbad şəkildə tərtib olunur. Utandıqlarından dərhal dərc etmirlər. Yalnız sırf dövlət orqanları çərçivəsində müzakirə edib təkmilləşdirəndən sonra üzə çıxarmağa üzləri olur”.

Hüquqşünasın dediyinə görə, ikinci səbəb idarəetmə və təşkilatçılığın zəif olmasıdır: “Əksər məsələləri vaxtında ərsəyə gətirə bilmirlər. Hətta Prezidentin də bəzi tapşırıqları illərlə icrasız qalır. Nəhayət, üçüncü səbəb Azərbaycanda qanunların, bir qayda olaraq, xalq üçün deyil, məmurlar üçün tərtib olunmasıdır”.

 

Mətləb Yaqublu

Gununsesi.info