Zakir Həsənov Qaribaşvili ilə görüşdü -FOTOLAR

Noyabrın 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.

Gununsesi.info xəbər verir ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

14:31

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

15:31

Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub.  Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrda Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib və ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.










Gununsesi.info