“Valideyni ümumi orta təhsili başa çatdırmayan, tam orta təhsili olan, orta ixtisas təhsili alan və ali təhsilli olan şagirdlərin bal aralıqlarının necə dəyişdiyini nəticələr əsasında görürük”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İctimai Tv-yə müsahibəsində deyib:
“Yəni, birinci qrupda nəticə 391 baldırsa, digər qrupda bu göstərici 475 baldır. Bunların arasında təxminən dörd tədris ilinə qədər fərq görürük.
Niyə? Çünki valideynin savadlılıq səviyyəsinin yüksək olması evdə şagirdin birmənalı olaraq dəstəklənməsi deməkdir. Bizim inandığımız məqam ondan ibarətdir ki, ali təhsilli azərbaycanlıların, Azərbaycan vətəndaşlarının sayı artdıqca, uzunmüddətli dövrdə təbii ki, nəticələrimiz də yaxşılaşacaq.
Çünki onlar valideyn olur, onların övladları da bu mühitdə böyüyür. Yəni, bir cəmiyyətdə ali təhsilli insanların sayının artmasının tərəfdarıyıq ki, nəticələr də daha yaxşı olsun. Məsələn, 15 ildən sonra 15 yaşlı, yaxud 16-17 yaşında ali təhsil müəssisəsinə qəbul olan uşaqların övladları 25 ildən sonra tamamilə başqa nəticələr göstərə bilər.
Yəni, təhsildə nəticələrin gec ortaya çıxmasının səbəbi budur ki, bir dəyişən digər dəyişənə təsir edir”.
Şəbnəm Rəhimova












