Avropanın təhlükəsizliyi NATO-suz mümkün deyil

  • Müəllif: Şəbnəm
  • 18 Sentyabr 2025 13:20

Donald Trampın həm seçki kampaniyası dövründə, həm də artıq vəzifədə olduğu vaxtlarda ABŞ-nin NATO-ya dəstəyini şərtləndirən çıxışları və müttəfiqlərin xərclərinə dair tələbləri əvvəlki kollektiv müdafiə zəmanətini sual altına qoyur və alyans daxilində balansı dəyişir əvvəlki norma və gözləntilərdən daha çox “ödəyin və biz sizi müdafiə edək” prinsipini ortaya qoyur.

Tramp, açıq şəkildə NATO-nun hədəf hərbi xərclər səviyyəsinin radikal şəkildə artırılmasını (ÜDM-in 5%-dək) təklif edib və bəyan edib ki, ABŞ kifayət qədər “ödəməyən” müttəfiqləri müdafiə etməyə bilər. Həmçinin 5-ci maddə (kollektiv müdafiə) ilə bağlı qeyri-müəyyən ifadələr işlədib. Bu cür ritorika ABŞ-nin müttəfiqlərin təminatçısı rolunu sual altına qoymaqla yanaşı, NATO-nin gələcəyi barədə də suallar yaradır.

NATO-nun gələcəyi bu gün üç əsas böyük prosesin kəsişməsində formalaşır:

1)Rusiyanın Ukraynaya qarşı müharibəsi;

2) Çinlə rəqabət;

3) Avropanın və ABŞ-nin daxilində baş verən dəyişikliklər.

On il əvvəl bir çoxlarına Soyuq müharibənin köhnəlmiş mexanizmi kimi görünən bu qurum indi yeni aktuallıq mərhələsinə qədəm qoyub. Rusiyanın Ukraynaya qarşı təcavüzü Alyansın dirçəlməsi üçün güclü təkan oldu. Bir vaxtlar NATO-nun “beyin ölümü”ndən danışanlar, məsələn, Fransa prezidenti Emmanuel Makron, bu gün etiraf edirlər ki, məhz NATO Avropanın əsas təhlükəsizlik zəmanətçisidir.

Son 3 ildə Finlandiya və İsveçin NATO-ya qoşulması şimal cinahını xeyli gücləndirdi, Polşa və Baltik ölkələr isə getdikcə Avropanın müdafiə siyasətinin mərkəzinə çevrilir.

Bununla belə, Alyansın mövcudluğunun açarı hələ də ABŞ-nin əlindədir. Amerikanın hərbi gücü olmadan NATO öz çəkisinin böyük hissəsini itirir və ən narahatedici məqamlardan biri də odur ki, ABŞ-nin özündə “Avropanın əbədi zəmanətçisi” roluna narazılıq artır. Ağ Evə təcridçi(izolyasionizm) baxışlara sahib bir liderin gəlməsi NATO-nun daxilində ciddi etimad böhranı yaradıb və Avropa daha çox müstəqil olmağın yollarını axtarmağa çalışır.

Alyans üçün əsas sınaq şərq cinahı və Ukraynadakı müharibə olaraq qalır. NATO Rusiyanı birbaşa hərbi toqquşmaya girmədən cilovlamağa çalışır. Əgər Ukrayna NATO-ya qəbul edilmədən, ABŞ, Britaniya və ya Polşanın ayrıca təminatları altında qalarsa, bu, qeyri-müəyyənlik və potensial risk zonası yaradacaq. Ukraynanın NATO-ya üzvlüyə yaxınlaşması isə Avropada güc balansını kökündən dəyişdirəcək və şərq cinahını son dərəcədə gücləndirəcək

Paralel olaraq gündəmə Çin də gəlir. Alyans ilk dəfə olaraq onu açıq şəkildə “təhdid” adlandırdı. ABŞ NATO müttəfiqlərini Asiya məsələlərinə, Tayvan və Cənubi Çin dənizinə cəlb etməyə çalışır, amma Avropa ölkələri buna ehtiyatla yanaşır, NATO-nu qlobal “jandarm”a çevirmək istəmirlər. Bununla belə, rəqəmsal texnologiyalar və iqtisadi rəqabət dövründə Pekin istər-istəməz NATO-nun strateji hesablamalarına təsir edən amilə çevrilir.

Uzunmüddətli perspektivdə NATO böyük ehtimalla qalacaq və hətta güclənəcək. Artıq bu gün Avropa ölkələrinin hərbi büdcələri artır, ÜDM-in 2%-i müdafiəyə ayırmaq faktiki olaraq norma halına gəlib. “Əmək bölgüsü” prosesi gedir: ABŞ strateji zəmanətçi və qlobal güc proyeksiyasını öz üzərinə götürür, Avropa müttəfiqləri isə quru qoşunlarını və müdafiə sənayesini gücləndirirlər. Amma daha uzaq perspektivdə sual yaranır: Vaşinqton bir addım geri çəkilərsə, Avropa bir gün öz təhlükəsizliyinin məsuliyyətini təkbaşına daşıya biləcəkmi? Əgər bəli, NATO zamanla bərabərhüquqlu avro-atlantik tərəfdaşlığa çevrilə bilər. Əgər yox, ABŞ liderliyinin böhranı onun gələcəyinə ağır zərbə vuracaq.

Beləliklə, NATO-nun gələcəyi iki əsas dəyişkəndən asılı olacaq: Ukraynadakı müharibənin nəticəsindən və ABŞ-nin siyasi kursundan. Bu suallar açıq qaldığı müddətdə Alyans mobilizasiya və möhkəmlənmə rejimində yaşayacaq. Amma məhz bu adaptasiya qabiliyyəti onu müasir tarixin ən davamlı və qüdrətli müdafiə ittifaqına çevirir.

 

 

Kamran Cəfərov

Gununsesi.info