ABŞ israr edir ki, əvvəlcə sülh müqaviləsi bağlanmalı və yalnız bundan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsinə keçilməlidir.
Bu barədə “Politiko” məlumat yayıb.
“ABŞ Dövlət katibi Marko Rubio bu barədə avropalı tərəfdaşlarını məlumatlandırıb və bildirib ki, Tramp sülhdən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyi barədə danışacaq”, – məlumatda deyilib.
Maraqlıdır, bəs görəsən, sülh müqaviləsi bağlanmadan təhlükəsizlik zəmanətlərinə keçilməməsi Ukraynanı hansı risklərlə üz-üzə qoyur?
Sülh müqaviləsi əvvəl bağlanmalıdır şərti, Ukraynanı faktiki olaraq Rusiyanın diktə etdiyi şərtlərə yaxınlaşdırır. Çünki təhlükəsizlik zəmanətləri haqqında danışılmadığı müddətdə Kiyev üçün “gələcək təminat” yoxdur, Moskva bunu danışıqlarda üstünlük əldə etmək üçün istifadə edə bilər. Yəni “əvvəl ərazi, sonra təminat” formulu yaranır.
Bu, Ukraynanın müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır.
ABŞ və bəzi həmkarlarının “öncə sülh” tələbi Kiyevi belə bir vəziyyətə sala bilər ki, hərbi əməliyyatlar davam edir, amma Qərb təhlükəsizlik mexanizmlərini müzakirə etmir.
Bu isə Ukraynanın diplomatik gündəmdən mərhələli şəkildə çıxmasına, yardımın yavaşlamasına səbəb ola bilər.
Faktiki olaraq, Ukrayna “dayandırılmış dəstək” zonasına düşür.
Üstəlik, sülh müqaviləsindən əvvəl təhlükəsizlik zəmanətlərinin müzakirə edilməməsi Kremlin əlinə belə fürsət verir:
“biz şərtlərimizi diktə edirik” görüntüsü yaranır;
işğal olunmuş ərazilərin əksəriyyətini özündə saxlamağa yönəlmiş sülh modeli Qərbin sükutu ilə daha da legitim görünə bilər.
Bu isə Ukraynanın uzunmüddətli dövlətçilik təhlükəsizliyinə ciddi təhdiddir.
Bir sözlə, əslində, ABŞ-nin “öncə sülh, sonra təhlükəsizlik” yanaşması Ukraynanı həm danışıqlarda, həm də regionun gələcək təhlükəsizlik arxitekturasında daha zəif və daha asılı mövqeyə salır. Bu model Ukraynaya qısa müddətli sülh gətirsə belə, uzunmüddətli təhlükəsizlik təminatları üçün riskləri artırır.
Elmar












