“Zamanımızda baş verən müharibələr planetimizin ekoloji təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Müasir silahlarla aparılan müharibələr ekosistemə qarşı terrordur”.
Bunu Gununsesi.info–ya açıqlamasında“Yaşıl dünya” Ekoloji Maarifləndirmə İcitmai Birliyinin sədri Elman Cəfərli deyib:

“Klassik müharibələrdə kəndlər, şəhərlər dağılır, insanlar köçkün düşür, həlak olurdular. Hazırkı müharibələr bütöv ekosistemləri hədəfə alır, iqlim balansını pozur, atmosferi çirkləndirir, torpağın münbit qatını sıradan çıxarır. Raket zərbələri nəticəsində məhv edilən kimya zavodları, yandırılan neft müəssisələri amtosferi, su resurslarını çirkləndirir. Havaya atılan ağır metallar karbon emissiyasını artırır.
Müasir müharibələrin ən ağır zərbəsi və torpağa dəyir və uzun müddətli təsirlər buraxır. Təsəvvür edin ki, partlayış bir neçə saniyə davam edir, amma onun nəticələrini, mənfi təsirlərini aradan qaldırmaq onillərlə vaxt aparır. 30 illik işğal dövründə ermənilər Qarabağ və Şərqi Zəngəzur ərazilərinə 1.5 milyondan çox mina basdırıblar. Bu gün o minaların çoxu zərərsizləşdirilməyib. İşğaldan azad olunmuş bölgələrdə bu gün də partlamamış sursatlar var. Minaları bəzən gizli düşmən adlandırırlar. Müharibə bitir, işğalçı qovulur, lakin onun basdırdığı mina həyati təhlükəsini saxlayır.
6 ildir işğal bitib, amma erməni vandallarının basdırdığı minalar bu gün də can alır. Həm insan öldürür, həm heyvanlara qəsd edir. Gəzən, uçan bütün heyvanlar təhlükədən sığortalanmayıblar. İşğaldan azad olunmuş bölgələrdən bəzən sosial şəbəkələrdə videolar yayılır. Ayağını itirmiş vəhşi heyvanlar gözə dəyir. Allahın bu dilsiz, şüursuz varlıqlarının həyatına belə müdaxilə edib insan. Onlar nə təhlükəsiz şəraitdə gəzə, qida axtara, nə də çoxala bilirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri gedir. Bəzən insanlar narazı qalır ki, proses ləng gedir. Amma bir şey nəzərə alınmır ki, yaşayış məskəninin salınması üçün zəruri olan infrastrukturun yaradılmasına mina təhlükəsi mane olur”.
Elman Cəfərli əlavə edib ki, müharibənin təbiətə vurduğu zərbənin miqyasını Ağdamın işğaldan azad olunmuş hissəsinə səfər zamanı əyani görmək mümkündür:
“İşğal altına düşməmiş kəndlərdə hər tərəf yaşıllıqdır. Amma 30 il işğalda qalmış ərazilərdə hər şey məhv edilib. Bitki örtüyü, meşə zolaqları yandırılıb.
Bombaların torpaq qatına vurduğu ziyan ölçüyəgəlməzdir. Partlayış zamanı üzə çıxan istilik və yaranan yüksək təzyiq torpağın hums qatını yararsız hala salır. Torpaq sovrulur, məhsuldarlığını itirir. Özəllikıə Ağır bombaların düşdüyü yerlərdə dərin çuxurlar əmələ gəlir, torpağın strukturu pozulur. Raketlər partlayarkən tərkibindəki zərərli kimyəvi maddələr üzə çıxır. Onlar torpağı zəhərləyir, mikroorqanizmləri məhv edir. Partlayışdan sonra açığa çıxan arsen, civə, qurğuşun və digər maddələr torpağa hopur. Bu maddələr illərlə yer altında qalır, bitkilərə təhlükə yaradır. Hətta hərbi təlimlər zamanı belə ağır texnikanın hərəkəti torpaq qatını dağıda bilir.
Müharibələrin vurduğu ən dəhşətli zərbə heç şübhəsiz ki, planetin ağciyəri sayılan meşələrin sıradan çıxarılmasıdır. Adi silahlardan belə açılan atəş, bəzən hərbi texnikanın tüstü yerindən çıxan qığılcım beə böyük meşə yanğınlarına səbəb olub. Meşələrlə yanaşı yaxınlıqdakı yaşayış məntəqələri, təsərrüfat sahələri yanıb külə dönür. Meşə yanğınları nəticəsində iqtisadiyyata zərbə dəyir, yüzillərlə formalaşmış ekosistem məhv olur, təbii balans pozulur, bitki örtüyü sıradan çıxır. Nadir ağaclar məhv olur. Normal oksigen verən ağaclar 40-50 ilə böyüyür. Bir mərmi, raket çoxillik ağacları bir dəqiqədə yox edir. Ətraf mühitin qorunması üçün dünyada baş verən bütün hərbi əməliyyatlar dayadırılmalıdr. Çünki partlayan bombalar, atılan raketlər bugünümüzü deyil, gələcəyimizi də hədəfə alır. Gələcək nəsillərə dayanıqlı həyat miras qoymaq istəyiriksə müharibələrə yox deyilməlidir. İnsanlığın sabahı naminə silahlar susmalıdır”.
Şəbnəm Rəhimova












