Məhərrəmlikdə toy etmək olar? - Elşad Miri

  • By Admin2
  • 17 İyun 2026 11:20

Məhərrəmlik ayı zamanı aktuallaşan bir məsələ də toy edib-etməməkdir.

Müşahidələrə nəzərən demək olar ki, insanların böyük bir qismi bu ayı müqəddəs bilir və toy etməyin düzgün olmadığını bildirir.

Bəs din bu məsələyə necə yanaşır?

Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O bildirib ki, toy etmək qadağan olsaydı, peyğəmbərimizin 3 qızının, xanımlarının özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı”.

Bəs bu ay doğrudan da müqəddəsdirmi?

Elşad Miri qeyd edir ki, Məhərrəm ayı müqəddəs ay deyil:

“Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı. Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır. Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil”.

Orxan

Gununsesi.info