“Vahid Milli Hərəkatda gözlənilən dəyişikliklər kosmetik deyil, köklü xarakter daşıyacaq”.
Gununsesi.info bildirir ki, bu fikri Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili öz sosial hesabında paylaşım edib:
“Partiya nəinki yenidən güclənib, hətta 2003-cü illə müqayisədə daha yaxşı vəziyyətdədir.
İyul ayında partiyanın bütün rəhbər şəxslərinin səlahiyyət müddəti başa çatır. Buna görə də hakimiyyətin müdaxiləsinə imkan verməyən formatda yeni sədr seçilməlidir.
Sədr vəzifəsinə namizədim Nanuka Jorjolianidir. Onun bu çətin vəzifənin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəsi, enerjisi və baxışı var. Eyni zamanda, dəyişiklik və islahat istəyən hər kəsi seçki prosesində iştirak etməyə çağırıram. Hər kəs namizədliyini irəli sürə bilər və bu proses fikir yarışı şəklində keçirilməlidir.
Nanuka seçiləcəyi təqdirdə, həm təcrübəli üzvləri, həm də yeni qoşulanları bir araya gətirərək partiyanın mərkəzində geniş islahatlar həyata keçirəcək. Buna tam inanıram”.
O qeyd edib ki, bir çox digər partiyalardan fərqli olaraq, Vahid Milli Hərəkat nə hansısa iş layihəsidir, nə də bir nəfərin idarə etdiyi siyasi qurumdur:
“Partiya geniş ictimai dayaqlara söykənir və tərəfdarlarının mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır. Bu dəyişikliklər, xüsusilə mənim, Xabenin, İrakli Nadiradzenin və digər liderlərin mövqeyi nəzərə alınmaqla, zəruri və təxirəsalınmazdır”.
Şəbnəm










