“ABŞ–İran razılaşması Yaxın Şərqdə yeni güc balansı yarada bilər” -SİYASİ ŞƏRHÇİ

“Pakistanın vasitəçilik missiyasını öz üzərinə götürməsi İslamabadın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Türkiyə regional təhlükəsizlik və diplomatik platforma rolunu möhkəmləndirir. Qətər son illərdə olduğu kimi yenə də dialoq məkanı və vasitəçi kimi ön plana çıxır. Səudiyyə Ərəbistanı regionun iqtisadi və siyasi sabitliyində maraqlı əsas aktorlardan biri kimi çıxış edir. Misir isə ərəb dünyasının ənənəvi siyasi mərkəzi olaraq prosesin legitimliyinə əlavə dəstək verir.

Razılaşmanın davamının məhz Cenevrədə aparılması da xüsusi əhəmiyyət daşıyır. Əgər Versal tarixi dönüş nöqtəsini və yeni geosiyasi konsepsiyanın elanını simvolizə edirsə, Cenevrə beynəlxalq diplomatiyanın, kompromislərin və hüquqi mexanizmlərin paytaxtı hesab olunur. Başqa sözlə, Versal siyasi mesajın verildiyi məkan, Cenevrə isə həmin mesajın hüquqi və institusional çərçivəyə salınacağı platforma rolunu oynayır.

Bütün bunlar onu göstərir ki, ABŞ-İran anlaşması sadəcə atəşkəs sənədi deyil. Bu sənəd Yaxın Şərqin gələcək geosiyasi xəritəsinin konturlarını müəyyən edə biləcək daha geniş prosesin başlanğıcıdır. Əgər tərəflər razılaşmanın müddəalarını tam həyata keçirə bilsələr, regionda yeni təhlükəsizlik sistemi, yeni iqtisadi əməkdaşlıq platformaları və yeni güc balansı formalaşa bilər.

Lakin risklər də az deyil. İsrail faktorunun mövqeyi, İran daxilindəki sərt xətt tərəfdarlarının münasibəti, Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları və böyük güclər arasındakı rəqabət prosesin gələcəyini müəyyənləşdirəcək əsas amillər olacaq.

Buna baxmayaraq, Versaldan başlayan və Cenevrədə davam edən bu diplomatik marşrut XXI əsrin Yaxın Şərqinin necə formalaşacağına dair ilk ciddi geosiyasi manifest kimi tarixə düşə bilər. Yüz il əvvəl Versalda qurulan sistem Yaxın Şərqi bölmüşdüsə, bu gün Versalda başlayan yeni proses regionu qarşıdurma məkanından əməkdaşlıq məkanına çevirmək iddiası daşıyır”.

 

 

Şəbnəm

Gununsesi.info