Milli Məclisin üzvü Kamal Cəfərov sənədsiz evlər üçün hökumətin amnistiya elan etməsini təklif edib.
Gununsesi.info-nun xəbərinə görə, o, bu barədə iyunun 18-də parlamentdə ötən ilki dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı çıxış edib.
Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur.
“Başa düşürəm ki, bu, çox mürəkkəb və məsuliyyəti ağır olan məsələdir. Riskli tərəfləri də kifayət qədərdir. Lakin sənədsiz evlərlə bağlı dünya təcrübəsi, o cümlədən Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə “İmar Barışı” proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində ilkin ödəniş etməklə çıxarış alıb. Biz də buna bənzər təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji təyinatlı torpaqlarda yerləşən, eləcə də mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qazandıra bilər”, – o qeyd edib.
Ötən ay Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə sənədsiz evlərə amnistiya elan olunmasını istisna etmişdi.
Azərbaycanda uzun illərdir sənədsiz evlər problemi həll olunmamış qalır. Prezident İlham Əliyev hələ 2011-ci ildə bu məsələnin həlli üçün tapşırıq versə də, 2019-cu ildə yenidən sənədləşdirmə ilə bağlı iş aparıldığı bildirilsə də, problem bu günə qədər aradan qaldırılmayıb.
Müstəqil ekspertlər hesab edirlər ki, hakimiyyət məsələni zaman-zaman siyasi məqsədlərlə gündəmə gətirib və illər ərzində onun daha da dərinləşməsinə göz yumub. (APA)












