Qazaxıstan aviasiya yanacağının idxalı ilə bağlı Azərbaycan, Çin və Türkmənistanla danışıqlar aparır.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Aqqenjenov yerli mediaya açıqlama verib.
Nazirin sözlərinə görə, hazırda aviasiya yanacağının tədarükü ilə bağlı təkcə qonşu ölkələrlə deyil, uzaq xarici dövlətlərlə də əməkdaşlıq imkanları nəzərdən keçirilir.
O bildirib ki, Qazaxıstanın özəl şirkətləri artıq xaricdən 3 min ton Jet A-1 markalı aviasiya yanacağı alıb. Dünən həmin yanacaqla ilk aviareysə xidmət göstərilib. Yanacaq doldurma işini ölkənin milli operatoru olan “KazMunayGaz-Aero” həyata keçirib.
Türkmənistanla bağlı isə nazir qeyd edib ki, bu ölkədə aviasiya yanacağı birja vasitəsilə açıq satışa çıxarılır. Qazaxıstan şirkətlərinin həmin hərraclarda iştirakı satışa çıxarılan yanacağın həcmindən asılı olacaq.
Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, ölkədə aviasiya yanacağının istehsalı son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, 2026-cı ilin may ayında 96,4 min ton aviasiya yanacağı istehsal edilib.
Hazırda Qazaxıstanın əsas aviasiya yanacağı tədarükçüsü ənənəvi olaraq Rusiyadır. Rusiya iyun ayından etibarən aviasiya kerosininin ixracına qadağa tətbiq etsə də, Qazaxıstana tədarüklər istisna kimi saxlanılıb və davam etdiriləcək.











