Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və Niderland Probasiya Xidməti Reclassering Nederland ilə Azərbaycan Respublikasının Probasiya Xidməti arasında əməkdaşlığın inkişafına yönəlmiş layihənin növbəti mərhələsi baş tutub.
Bu barədə Gununsesi.info-ya Niderland Krallığının Azərbaycandakı səfirliyindən verilən məlumatda deyilir.
Məlumata görə, layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Niderland Krallığının Azərbaycandakı Səfirliyinin müşaviri Şəhla Balakişiyeva və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin birinci katibi Nicat Məmmədovun müşayiəti ilə Niderlanda səfər edib. Azərbaycan Respublikasının Probasiya Xidməti, Ədliyyə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimindən ibarət nümayəndə heyətinə Azərbaycan Respublikasının Probasiya Xidmətinin rəisi Anar Cəfərov rəhbərlik edib.
Səfər zamanı nümayəndə heyəti Utrext şəhərində yerləşən Niderland Probasiya Xidmətinin Baş Ofisini, Avropa Probasiya Konfederasiyasını CEP Probation , Probasiya Xidmətinin bir sıra fəaliyyətlərini, o cümlədən Dövlət Prokurorluğunu ziyarət edib. Eyni zamanda nümayəndə heyətinin Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əhmədzadə ilə də görüş imkanı olub.
Layihə hər iki Probasiya Xidmətinin təcrübə və bilik mübadiləsini təşviq edərək qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək.
Firuzə Mahmudova
Gununsesi.info











