Etibar Əliyev İlham Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik etdi

Sabiq deputat Etibar Əliyev  “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktoru, tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Gununsesi.info bildirir ki, bu barədə o öz sosial media hesabında paylaşım edib:

“Məmləkətin tanınmış təhsil və elm üzrə mütəxəssisi, dosent İlham Əhmədovun 70 yaşı tamam oldu. İlham müəllim 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini fərqlənmə diplomi ilə bitirib. 1986-cı ildə Kiyevdə “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi-Cəbr və analizin başlanğıcı ” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsini qazanmışdır. O, bitirdiyi Universitedə uzun illərdir ki, müəllimlik edir, öyrətməkdən usanmır. İlham Əhmədovun digər təhsil mütəxəssislərindən fərqi ondan ibarətdir ki, o, təhsil problemlərinin həllinə riyaziyyatçı kimi yanaşır. Onun israrlı təklifləri və  əsaslandırılmış konsepsiyası sayəsində 2007-ci ildə respublikanın bütün pedaqoji ali və orta ixtisas məktəblərində mütləq fənn kimi “Təhsildə İKT” kursu rəsmi tədris planlarına daxil edildi. Süni intellekt dövrünə qədəm qoyduğumuz bir dövrdə söyləmək olar ki, İlham Əhmədov həm də intuisiyası ilə önə çıxa bildi.  Onun təhsil və elmin vəhdətində yazdığı analitik yazıları heç kim yaza bilməz. O, riyazi təfəkkürü ilə problemləri hamımızdan aydın şəkildə görür və yüksək peşəkarlıqla qələmə ala bilir. Ölkə təhsilinə və elminə ürəkdən bağlı olan bu şəxs həm də optimistdir. Bunun səbəbi onun əməkdə olmasıdır. Elm də əməkdir. Və düşünürəm ki, İlham Əhmədovun yazdığı məqalələr nə vaxtsa daha dərindən öyrəniləcək və təhsilimiz və elmimizin inkişafında paradiqmalar kimi qalacaq.  Bir vacib məqamı da qeyd edim ki, İ. Əhmədov iştirak etdiyi çoxsaylı Beynəlxalq konfranslarda elmimizi və təhsilimizi yüksək səviyyədə təmsil etmişdir.

İlham Əhmədov Azərbaycanın görkəmli  filoloq-dilşünası, metodist, pedaqoq, professor Bəşir Əhmədovun oğludur. Onun sanballı alim,  elm və təhsil mütəxəssisi kimi yetişməsində atasının kitabxanasının və tövsiyələrinin misilsiz rolu olmuşdur.

70 yaşın mübarək, əziz İlham müəllim! 100 yaşa…”

 

 

Gununsesi.info