Azərbaycanda vəzifədən gedən məmurların sonradan bir qisminin hörmət-izzət sahibi olduğunu müşahidə etmək olur.
Bu, əlbəttə, daha çox elmi-bədii fəaliyyəti olan məmurlarda rast gəlinən haldır. Məsələn, onlardan biri şeir yazır, biri roman, biri də heç kimə lazım olmayan, guya fəlsəfi fikirlər deməyə başlayır.
Bunlardan ən pisi isə vəzifədən gedən kimi dürüstlük abidəsinə çevrilmək istəyənlərdir. Onlar bəzən yüngülvari, çox da dərinə getməyən həqiqətləri yavaş səslə deyir və beləcə, bir də görürsən, unutqan xalqımız həmin adamı alqış atəşinə tutur.
Hələ həmin məmur haqqında deyilir:
“Yaman gözütox idi, onun vaxtında belə deyildi”.
Ə, yavaş, ə. Altı dəydi.
Diqqət etmişəm, sabiq təhsil naziri Misir Mərdanov da vəzifədən gedəndən sonra hörmət-izzət qazananlardandır.
Üstəlik, bu, təkcə elmi fəaliyyətə görə deyil. Bu, həm də vəzifədə olarkən deyə bilməyəcəyi, özünün etmədiyi pafoslu çıxışlara görə olur.
Məsələn, sabiq təhsil naziri Misir Mərdənov deyir:
“Verin müəllimə 2000-3000 əməkhaqqı görün o müəllim repetitorluq edir yoxsa yox?”.
Əla, eşq olsun, Misir müəllim, supersiniz, ən yaxşı sabiq nazir də sizsiniz. Tfu bizə.
Ancaq icazə verin, sizə bir qədər şübhə ilə yanaşım. Mən sizi alqış yox, söz, sual atəşinə tutacam.
Məgər sizin dövrünüzdə repititor yox idi?
Doğrudur, Misir Mərdanov o vaxt da demişdi ki, bu qədər maaş verin. Ancaq nədənsə, Azərbaycanda müəllimlərin maaşını artımı daha çox Misir Mərdanovdan sonra olub. Niyə?
Belə olduğu halda, “sabiq mələk məmur” obrazı yaratmağın adı nədir?
Misir müəllim, istəyirsiniz, bu dünyada elə hər şey sizin olsun? Həm 15 il nazir olun, nazir olduğunuz dövrdə təhsilimiz bərbad olsun, həm də vəzifədən gedəndən sonra ən yaxşı adam da siz olun?
Yaxşı, indi Azərbaycan təhsilinin bugünkü vəziyyətinin Misir Mərdanovla heç bir əlaqəsi yoxdur?
Misir müəllim, belə oldu da, hə? Nazir postundan vicdan kürsüsünə? Nə deyək bunun adına, “Sabiq məmurun gecikmiş həqiqətləri?”, yoxsa “Sabiq olandan sonra düzələnlər?”
Misir Mərdanovun son illər verdiyi müsahibələrə, açıqlamalara baxanda adamın ürəyi ağrıyır.
Məgər hamı unudubmu onun təhsil naziri olduğu vaxtlardakı problemləri?
Xatırlayıram, Misir Mərdanov vəzifədən gedəndə, yerinə isə Mikayıl Cabbarov gələndən sonra 2500 saxta diplomlu müəllim məktəblərdən uzaqlaşdırıldı.
Sual olunur:
Bu qədər müəllim bu qədər saxta diplomu necə əldə etmişdi?
Hansı nəzarət mexanizmləri işləməmişdi?
Kimlər göz yummuşdu?
Təhsil kimi strateji sahədə belə bir boşluq təsadüf sayıla bilərdimi?
Əslində, bu suallar təkcə bir nazirə aid deyil. Bu, idarəetmə mədəniyyəti ilə bağlı məsələdir. Bizdə vəzifədə olan məmur danışmır, vəzifədən gedən məmur isə yüngülvari həqiqətləri danışmağa başlayır. Elə bil, həqiqətin də xidməti vəsiqəsinin vaxtı bitməlidir ki, səsləndirilsin.
Təəssüf ki, cəmiyyət də bəzən buna alqış tutur. Yaxşı müsahibə verən sabiq məmuru yaxşı idarəçi ilə qarışdırır. Ancaq gözəl danışmaqla yaxşı idarə etmək tamam başqa şeylərdir. İdarəçilik müsahibələrdə deyil, qəbul edilən qərarlarda, qurulan sistemdə və həmin sistemin nəticələrində ölçülür.
Misir Mərdanovun dövründə isə bunlar görünmədi.
Heç kim keçmiş xidmətləri inkar etməməlidir. Amma keçmiş səhvləri də unutmaq düzgün deyil. Əgər bir məmurun bugünkü fikirləri doğrudan da səmimidirsə, onda həmin fikirlər həm də bir etiraf kimi qəbul edilməlidir: deməli, vaxtilə görülə biləcək işlər görülməyib, deyilə biləcək sözlər deyilməyib.
Cəmiyyət isə hörmətini nostalji üzərində deyil, məsuliyyət üzərində qurmalıdır.
Konkret desək, illər sonra səsləndirilən doğru fikirlər, əgər vaxtında qərara çevrilməyibsə, cəmiyyət üçün təsəlli ola bilər, amma kompensasiya ola bilməz. Çünki itirilmiş illərin, zəif təhsil sisteminin və minlərlə şagirdin taleyinin əvəzi yoxdur.
Üstəlik, təhsil elə sahədir ki, burada səhvin nəticəsi dərhal görünmür. Bəzən on il, bəzən iyirmi il sonra üzə çıxır.
Təhsilin bugünki vəziyyətinə baxanda, on, iyirmi il əvvəl, yəni Misir Mərdanov dövrünü xatırlamaqda fayda var.
Bəlkə, elə üzə çıxanlar o vaxt gizlənən və ya gizlədilən məsələlərdir?

Orxan Saffari












