“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar kontekstində qiymətləndirilməlidir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:

“Hazırda Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması və regionda uzunmüddətli sülh perspektivlərinin müzakirə edilməsi Avropa İttifaqının bölgəyə marağını daha da artırır.
Avropa İttifaqı Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qiymətləndirir. Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycanın təbii qaz ixracı və bərpa olunan enerji sahəsindəki potensialı Brüssel üçün strateji əhəmiyyət daşıyır”.
O qeyd edib ki, bu səbəbdən səfər zamanı enerji əməkdaşlığının genişləndirilməsi, yaşıl enerji layihələri, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları sırasında olacaq:
“Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin möhkəmlənməsini və regionun iqtisadi inteqrasiyasını dəstəkləməyə çalışır. Azərbaycan isə müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirərək həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirir.
Bu baxımdan, Ursula fon der Leyenin səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi və iqtisadi mərhələnin əsasını qoya, eyni zamanda Cənubi Qafqazda əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər”.
Şəbnəm Rəhimova












