Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə yaranan gərginlik birbaşa Azərbaycana təsir etməsə də, regionda təhlükəsizlik risklərini artırır.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, son günlər baş verən hadisələr fonunda narahatlıq doğuran əsas məqamlardan biri hərbi qarşıdurmaların Xəzər dənizinə qədər genişlənməsidir.
Politoloq qeyd edib ki, əvvəlcə ABŞ-ın Xəzərdə yerləşən dəniz bazasına zərbə endirdiyi, daha sonra isə Ukraynanın Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
Turan Rzayev bildirib ki, “Fortune” nəşrinin iddiasına görə, Ukraynanın Xəzərdəki hədəflərə zərbələri ABŞ-ın İran ətrafında formalaşdırmağa çalışdığı blokada strategiyasına xidmət edir.
Onun fikrincə, görünən məqsəd Rusiyanın Xəzərdəki hərbi imkanlarını zəiflətmək olsa da, proseslərin arxa planında İran amili də yer alır.
Politoloq həmçinin vurğulayıb ki, Azərbaycan uzun illərdir Xəzərin hərbiləşdirilməsinin qarşısının alınmasını və hövzənin sabitlik, əməkdaşlıq məkanı kimi qorunmasını dəstəkləyir.
Onun sözlərinə görə, hərbi gərginliyin Xəzərə daşınması enerji infrastrukturu, dəniz nəqliyyatı və regional iqtisadi layihələr üçün əlavə risklər yarada bilər.
Turan Rzayev eyni zamanda hesab edir ki, rəsmi Bakı mövcud şəraitdə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək, emosional addımlardan çəkinəcək və bütün tərəflərlə dialoq imkanlarını açıq saxlayacaq. O, Azərbaycanın zərurət yaranacağı təqdirdə vasitəçilik təşəbbüsləri ilə çıxış edə biləcəyini də istisna etməyib.
Bununla yanaşı, politoloqun fikrincə, Xəzərdə hərbi aktivliyin artması halında Azərbaycan dəniz sərhədlərinin, enerji infrastrukturunun və strateji obyektlərinin mühafizəsini daha da gücləndirməlidir.
O bildirib ki, müasir müharibələrdə risklər yalnız birbaşa hərbi hücumlarla məhdudlaşmır, logistika marşrutlarının pozulması, enerji layihələrinin hədəfə çevrilməsi və ticarət yollarında yaranan qeyri-müəyyənlik də milli təhlükəsizlik üçün ciddi təhdid hesab olunur.
Politoloq son olaraq əlavə edib ki, mövcud vəziyyət Azərbaycanın Xəzər donanmasının imkanlarının daha da artırılmasının strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.
Elmar









