Natiq Cəfərli: “İKT prioritet elan edilib, amma ciddi nailiyyətlər görmürük”

  • Müəllif: Orxan
  • 18 Avqust 2026 11:17

REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycanın İKT və startap sektorundakı vəziyyəti Qazaxıstanla müqayisə edib.

Gununsesi.info-nun xəbərinə görə, Cəfərli bildirib ki, Azərbaycan hökuməti İKT sektorunu prioritet elan edib və bu sahədə ciddi vergi güzəştləri tətbiq olunur.

Onun sözlərinə görə, dövlət qurumları da sektora dəstək göstərməyə çalışır.

Lakin siyasətçi ölkədə iqtisadi və hüquqi sistemin fəaliyyət prinsiplərinin düzgün qurulmamasının nəticəsində İKT sahəsində gözlənilən ciddi nailiyyətlərin əldə olunmadığını qeyd edib.

Cəfərli Azərbaycanda hazırda 150-160 aktiv startapın olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin startap ekosisteminin ümumi dəyəri təxminən 590 milyon dollar qiymətləndirilir.

“Startapların maliyyələşməsi hələ ki, çox kiçik miqyasdadır. Keçən il 22 yerli startap cəmi 2,62 milyon dollar investisiya cəlb edə bilib”, – deyə o yazıb.

Natiq Cəfərli Azərbaycanda fəaliyyət göstərən əsas vençur fondlarının sayının da az olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkədə üç əsas vençur fondu – Caucasus Ventures, INMerge Ventures və Tumar Ventures fəaliyyət göstərir və onların ümumi kapitalı təxminən 11 milyon dollar təşkil edir.

Siyasətçi 2026-cı ildə İKT sektoruna qoyulan investisiyaların ümumi həcminin isə 175 milyon dollar olduğunu qeyd edib.

Cəfərli daha sonra Qazaxıstandakı “Higgsfield” startapını nümunə göstərib. Onun sözlərinə görə, süni intellekt əsasında video yaratma platforması olan şirkətin təsisçilərindən biri gənc İT mütəxəssisi Aleks Maşrabovdur.

“Higgsfield”in ötən həftə yeni investisiya raundunda 400 milyon dollar cəlb etdiyini bildirən Cəfərli şirkətin bazar dəyərinin hazırda 5,4 milyard dollara çatdığını yazıb.

O, diqqətə çatdırıb ki, “Higgsfield” cəmi 1,5 il əvvəl təsis edilib.

Elmar

Gununsesi.info