PISA nəticələrinin Azərbaycan cəmiyyətində və təhsil siyasətində müzakirəsi zamanı menecerlər tez-tez ciddi metodoloji səhvə yol verirlər. PISA qiymətləndirməsində ölkəmizin 15 yaşlı şagirdlərinin 60% -nin oxuduğu mətni anlamaması faktı bəzən bütün ölkə əhalisinin intellektual xüsusiyyəti kimi təqdim edilir.
Menecerlər 6 ildir ki, “əhalinin 60 % oxuduğu mətni anlamır” kimi səhv fikirlər səsləndirirlər. Bu yanaşma elmi-metodoloji və pedaqoji baxımdan çox ciddi səhvdir. Niyə?
PISA 15 yaşlı şagirdlərin müəyyən dövrdə əldə etdikləri funksional savadlılıq səviyyəsini ölçür. O, insanın ömürlük intellektual potensialına və ya bütöv xalqın düşüncə qabiliyyətinə dair diaqnoz qoymur.
PISA nəyi ölçür?
PISA ənənəvi məktəb imtahanı deyil. Onun məqsədi şagirdin sadəcə hansı faktları yadda saxladığını müəyyən etmək deyil. PISA oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərin real situasiyalarda tətbiqi, informasiyanın təhlili, müqayisəsi və nəticə çıxarma qabiliyyətini qiymətləndirir. Deməli, PISA nəticəsi konkret bir yaş qrupunun konkret dövründə müəyyən səriştələrə sahiblik səviyyəsini göstərir. Bu iki məsələdə prinsipial fərq var.
“15 yaşlı şagirdlərin müəyyən hissəsi oxu üzrə minimal funksional səviyyəyə çatmayıb” faktı ilə, “ölkə əhalisinin 60 faizi mətni anlamır” faktı tam fərqlidir.
Birinci fikir elmi qiymətləndirmə nəticəsi, ikinci fikir isə həmin nəticənin metodoloji baxımdan həddindən artıq genişləndirilməsi və səhv şərhidir.
İnsan intellekti 15 yaşda formalaşmasını başa vurmur
15 yaş insanın intellektual inkişafının son mərhələsi deyil. Əksinə, bu yaşdan sonra insan daha bir neçə il orta təhsil alır, daha sonra ali və ya peşə təhsili alır, əmək fəaliyyətinə başlayır, müxtəlif sosial və intellektual təcrübələr qazanır, daim öz üzərində işləyir, kurslarda və digər əlavə təhsil mərkəzlərində biliyini offlayn və ya onlayn artırır.
Bir insan 15 yaşında zəif oxu bacarığı göstərə bilər, lakin 20 yaşında universitet tələbəsi kimi mürəkkəb elmi mətnlərlə işləyə bilər. 25 yaşında peşəkar fəaliyyət nəticəsində analitik düşünmə bacarığını inkişaf etdirə bilər. 40 yaşında isə həyat və peşə təcrübəsi nəticəsində 15 yaşındakı intellektual səviyyəsindən tamamilə fərqli bir səriştələr sisteminə sahib ola bilər.
İnsan intellektini statik göstərici kimi qəbul etmək düzgün deyil. Müasir pedaqogika və inkişaf psixologiyası bildirir ki, kognitiv və funksional bacarıqlar təhsil, sosial mühit, peşə fəaliyyəti, mütaliə və davamlı təcrübə nəticəsində dəyişir. Bu səbəbdən 15 yaşında aparılmış qiymətləndirməni insanın bütün həyatına şamil etmək elmi baxımdan ciddi səhvdir.
Ən böyük metodoloji səhv epizodu bütün həyat dövrünə aid etməkdir
PISA müəyyən yaş qrupu üzrə mövcud durumu qeydə alır. Bu qeydiyyat təhsil sisteminin həmin anda nə vəziyyətdə olduğunu göstərir. Lakin bu insanın bütün həyat tarixçəsi ola bilməz. Elə dahilər olub ki, 16-18 yaşında əlifba öyrəniblər, sonralar da tarixdə parlaq iz qoyublar.
PISA nəticəsindən belə qənaətə gəlmək olar ki, məktəbdə oxuyan 15 yaşlıların müəyyən hissəsi həmin dövrdə funksional oxu bacarıqlarına malik deyil. Bu, çox ciddi problemdir və təhsil siyasəti üçün ciddi xəbərdarlıqdır. Amma bu faktdan həmən uşaqların ömür boyu mətni anlamayacağı” nəticəsi çıxmır. Daha da irəli gedərək “xalqın 60 faizi mətni anlamır” demək isə statistik göstəricinin sosial stereotipə çevrilməsidir.
Burada yaş qrupu ilə əhali, məktəb nəticəsi ilə insanın ömürlük intellectual potensialı, konkret səriştə ilə ümumi düşünmə qabiliyyəti qarışdırılır. Bunun bilgi azlığından yoxsa, məqsədli şəkildə edilməsi bəlli deyil. Hər iki hal pisdir.
Bu tənqidi yanaşma PISA nəticələrinin əhəmiyyətini azaltmır. Əgər 15 yaşlı şagirdlərin böyük hissəsi oxuduğu mətndən nəticə çıxarmaqda, informasiyanı müqayisə etməkdə və mənanı təhlil etməkdə çətinlik çəkirsə, bu, həmin şagirdlərin şəxsi və əbədi xüsusiyyəti deyil. Bu, ilk növbədə təhsil sisteminin həmin yaşa qədər yaratdığı mənfi nəticənin göstəricisidir. Deməli, PISA nəticəsi şagirdlərə və ya xalqa qoyulmuş intellektual “hökm” deyil, məktəb sisteminə qoyulmuş təşkilati diaqnozdur.
Bəs niyə təhsil sistemimiz 15 yaşına qədər bütün şagirdlərə oxuduğunu anlama, təhlil etmə və tətbiq etmə bacarığını lazımi səviyyədə formalaşdıra bilmir? 6 il ərzində tez-tez “xalqın 60 faizi mətni anlamır” deməkdənsə, bəlkə konkret problemin həllinə fokuslanmaq daha yaxşı olardı. Bu məqsədlə diqqəti dərsliklərin keyfiyyətinə, kurikulumun məzmununa, müəllim hazırlığına, qiymətləndirmə sisteminə və təhsil idarəçiliyinə yönəltmək lazım idi.
PISA xalqa yönəli hökmü deyil, məktəbin və menecerlərin fəaliyyətinin güzgüsüdür
Göründüyü kimi, PISA nəticələrindən xalqın intellektual səviyyəsi haqqında ümumiləşdirilmiş, heç də xoş olmayan, uzunmüddətli mənfi nəticələr çıxarmaq elmi baxımdan ciddi səhvdir. 15 yaşlı şagirdin həmin anda göstərdiyi nəticə onun gələcək intellektual inkişafını tam müəyyən etmir. İnsan sonrakı təhsil, peşə fəaliyyəti, mütaliə və həyat təcrübəsi nəticəsində öz səriştələrini inkişaf etdirir. Bu səbəbdən “PISA göstərir ki, əhalinin və ya insanların 60 faizi mətni anlamır” fikri statistik, pedaqoji, metodoloji baxımdan ciddi korreksiya edilməlidir. Bir daha xalqın ünvanına belə məsuliyyətsiz fikirlər söylənməməlidir.
ETN özünün səriştəsizliyi səbəbi ilə təhsildə yaranan bu problemləri həll etmək əvəzinə, cəmiyyəti günahlandırır. Bu həm də səbəb-nəticə əlaqələrini düzgün qurulmamasıdır.
PISA-nın mesajı budur ki, məktəb sisteminin 15 yaşa qədər yetişdirdiyi şagirdlərin xeyli hissəsi funksional oxu bacarıqlarına sahib deyil. Amma bu, xalqın intellektual diaqnozu deyil. Bu, ilk növbədə məktəbin, kurikulumun, dərsliyin, müəllim hazırlığının və təhsilin səriştəsiz idarəedilməsinin diaqnozudur.
PISA bir qiymətləndirmə alətidir. PİSA-nı insanları və ya xalqı qiymətləndirmək üçün siyasi ritorikaya çevirmək, faktları manipulyasiya etməklə PR kompaniyası qurmaq əvəzinə, onu təhsil sisteminin zəif nöqtələrini aşkar edən elmi alət kimi qəbul etmək lazımdır.
PISA 15 yaşlı uşağın gələcəyini proqnozlaşdırmır. O, həmin uşağın 15 yaşına qədər keçdiyi təhsil yolunun nəticəsini və təhsil menecerlərinin səriştəsini göstərir.
Əsas hədəf uşağa və ya xalqa “diaqnoz” qoymaq deyil, hədəf təhsil sisteminin həmin nəticəni niyə yaratdığını elmi şəkildə araşdırmaq və dəyişdirməkdir.
İlham Əhmədov
Dosent












