Bu gün Azərbaycan kinosunda maraqlı bir səhnə var.
Amma bu səhnənin dekorasiyası pavilyonda qurulmayıb.
Aktyorların əlində ssenari yoxdur, rejissor “motor!” deməyəcək.
Buna baxmayaraq, burada dramatik film üçün lazım olan hər şey var: namizədlər, gözləntilər, tərəflər, mübahisəli keçmiş, qeyri-müəyyən gələcək və ən əsası, nəticəsi əvvəlcədən məlum olmayan bir seçim.
Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr seçkisi keçirilir.
Bəlkə də, bu hadisəyə sadəcə təşkilati məsələ kimi baxmaq düzgün deyil. Çünki söhbət bir kreslo uğrunda mübarizədən daha böyükdür. Söhbət Azərbaycan kino cameəsinin özünü necə təsəvvür etməsindən gedir.
İttifaq nədir? Kimə lazımdır? Kinoya nə verir? Kino adamlarının hansı problemlərini həll edir?
Sabah bu qurum əvvəlkindən fərqli nə edəcək?
Son aylarda baş verənlər göstərdi ki, məsələ heç də sakit və formal seçki səviyyəsində deyil.
Rasim Balayevin vəfatından sonra ittifaq daxilində yaranan vəziyyət, keçirilən iclas, ardınca konfrans təşəbbüsü və Əli İsa Cabbarovun sədrliyə namizəd kimi ortaya çıxması müəyyən gözlənti yaratdı. Lakin üzvlərin yetərsayının olmaması seçkinin hüquqi baxımdan problemli vəziyyətə düşməsinə gətirdi. Sonradan həmin səsvermənin legitimliyi də mübahisə mövzusuna çevrildi.
Burada maraqlı olan təkcə nəticənin baş tutmaması deyil.
Maraqlı olan odur ki, kino adamlarının öz təşkilatlarında belə bir proses haqqında ümumi razılıq formalaşmadı. Bir tərəfdən ittifaqın rəhbərliyi və idarəçiliyi məsələsi ortaya çıxdı, digər tərəfdən isə şəffaflıq və legitimlik sualları səsləndi.
Bu isə əslində kino haqqında düşündüyümüzdən daha çox şey deyir.
Çünki kino yalnız ekran deyil. Kino həm də münasibətlər sistemidir. Kim qərar verir? Kim təmsil olunur? Kim kənarda qalır? Kim danışır, kim susur? Hansı sənətkarın sözü eşidilir, hansının sözü eşidilmir?
İttifaqın ətrafında baş verən son hadisələr bütün bu sualları yenidən gündəmə gətirdi.
Daha sonra Əli İsa Cabbarovun həm idarə heyətindən, həm də ittifaq üzvlüyündən istefa verməsi vəziyyəti daha da dəyişdi. Yeni qurultayın tarixi müəyyənləşdi və Şəfiqə Məmmədovanın namizədliyi ön plana çıxdı. Amma seçkiyə az qalmış Həmidə Ömərovanın da namizədliyini irəli sürməsi artıq əvvəlki ssenarinin dəyişdiyini göstərdi.
İndi əsas məsələ “kim qalib gələcək?” sualıdır.
Amma məncə, bu sual ikinci dərəcəlidir.
Əsas sual budur: qalib gələn nəyi idarə edəcək?
Əgər ittifaq sadəcə sədr seçən, iclas keçirən, yubileylər təşkil edən və müəyyən tədbirlərdə iştirak edən bir qurum olaraq qalacaqsa, onda sədrin kim olması kino tarixində çox böyük dəyişiklik yaratmayacaq.
Amma əgər ittifaq kino adamlarının hüquqlarını müdafiə edən, onların peşəkar maraqlarını qoruyan, gənc kinematoqrafçılara yol açan, kino mühitində sağlam dialoq yaradan və sənət adamlarını bir araya gətirən real platformaya çevriləcəksə, onda bu gün keçirilən seçki həqiqətən əhəmiyyətlidir.
Çünki Azərbaycan kinosunun problemi yalnız film çəkilməməsi və ya yaxşı filmlərin az olması deyil.
Bizim daha dərin problemimiz kino mühitinin parçalanmasıdır.
Bir-birindən narazı yaradıcı insanlar, müxtəlif qruplar, müxtəlif dərnəklər, müxtəlif platformalar və bəzən bir-birini qəbul etməyən mövqelər…
Belə vəziyyətdə ittifaqın ən mühüm funksiyası, bəlkə də, məhz birləşdirmək olmalıdır.
Ancaq bunun üçün əvvəlcə ittifaq özü dəyişməlidir.
Bəli, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı öz növbəti sədrini seçəcək.
Amma əslində, bu gün daha böyük bir seçim qarşısındadır:
“Köhnə qaydalarla davam etmək, yoxsa kino adamlarının həqiqətən ehtiyac duyduğu yeni bir ittifaq yaratmaq?”.
Sədr dəyişə bilər. İdarə heyəti dəyişə bilər. Adlar dəyişə bilər. Amma kino mühiti dəyişməsə, heç nə dəyişməyəcək.
Bu səbəbdən, bugünkü seçkinin qalibini yalnız seçki protokolu müəyyən etməyəcək. Əsl qalib aylar sonra bəlli olacaq. Yəni kino adamı ittifaqın qapısını döyəndə həmin qapının onun üzünə açılıb-açılmayacağından.
Bu gün kino çəkilmir.
Bu gün kino baş verir.
Bu filmin ən maraqlı tərəfi odur ki, hələ final səhnəsini heç kim bilmir.
Elmar
Gununsesi.info










