Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək.
Bu barədə Gununsesi.info-ya Baş Prokurorluqdan məlumat verilib.
Xəbərə görə, prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 9 oktyabrda saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçiriləcək.
Namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə əsasən test imtahanının ödənişli olması nəzərdə tutulub.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və “İmtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənəcəkdir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 01 sentyabr 2026-cı il tarixdə Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.












