Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərində yeni mərhələnin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Turan Rzayev yazıb.
Onun sözlərinə görə, səfər çərçivəsində İran rəsmiləri ilə keçirilən görüşlərdə ikitərəfli münasibətlərin aktual məsələləri, iqtisadi əməkdaşlıq və birgə layihələrin reallaşdırılması müzakirə olunub.
“Misal üçün, səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşdırılmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib. Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib”, – deyə politoloq bildirib.
Turan Rzayev qeyd edib ki, nümayəndə heyətinin İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə görüşlərində də hər iki ölkənin iqtisadiyyatı üçün əhəmiyyətli layihələr nəzərdən keçirilib və əməkdaşlığın perspektivləri dəyərləndirilib.
Politoloqun fikrincə, Azərbaycan-İran münasibətlərində iqtisadi əlaqələr inkişaf etsə də, siyasi münasibətlərdə vaxtaşırı gərginlik və soyuqluq müşahidə olunub. Son dövrdə isə münasibətlərdə müəyyən yaxınlaşma meyilləri diqqət çəkir.
“Rəsmi Bakı Tehranla mehriban qonşuluq və əməkdaşlıqda maraqlıdır. Lakin İrandakı bəzi qüvvələrin Azərbaycanı düşmən kimi görməsi iki ölkə arasında sabit və etimada əsaslanan siyasi münasibətlərin inkişafına mane olur”, – T.Rzayev vurğulayıb.
O bildirib ki, Azərbaycanın indiyədək İrana qarşı siyasi kampaniyalarda iştirak etməməsi və Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşulmaması Bakı-Tehran münasibətlərinin xarakterini göstərən əsas məqamlardandır.
Politoloq həmçinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Azərbaycanın mövqeyinə diqqət çəkib. Onun sözlərinə görə, Bakı yaranmış gərginlik zamanı tərəfləri sülhə çağırıb və İrana qarşı hücumları pisləyib.
Rzayev hesab edir ki, Bakı-Tehran münasibətlərində gərginliyin azalmasına və əlaqələrin inkişafına təsir edən əsas amillərdən biri İran Prezidenti Məsud Pezeşkianın mövqeyidir.
“Onun Prezident İlham Əliyevlə dostluğu və mehriban münasibəti, Azərbaycan ilə əlaqələrin inkişafına verdiyi önəm təqdirəlayiqdir. Təsadüfi deyil ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb”, – politoloq qeyd edib.
Onun fikrincə, Şahin Mustafayevin İrana səfərinin əsas məqsədlərindən biri münasibətlərdə mövcud məsələlərin nizama salınması, açıq qalan sualların cavablandırılması və kənar təsirlər nəticəsində zədələnməyə həssas olan Azərbaycan-İran münasibətlərinin daha da möhkəmləndirilməsidir.
Orxan












