Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 888 milyon manat təşkil edib.
Gununsesi.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,8 %-ni təşkil edib.
Bu il avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,8 % çox, ilin əvvəlinə nisbətən 4,5 %, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 10,2 % artaraq 20,952 milyon, kredit kartlarının sayı isə 4,3 % azalaraq 2,022 milyon olub. Avqustda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,53 milyard manat (illik müqayisədə 7,6 % çox) və 720 milyon manat (-2,6 %) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 3,8 % artaraq, POS-terminalların sayı isə 7 % azalaraq müvafiq olaraq 3 596 ədəd (Bakı üzrə 1 936 ədəd) və 141 696 ədəd (Bakı üzrə 89 852 ədəd) təşkil edib.











