Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, saatlıq əməkhaqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda, eləcə də həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunur.

Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əməkhaqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə çalışan və aylıq maaş alan şəxslərin məvacibi müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Saatlıq maaşı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə məvacibi minimum saatlıq əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əməkhaqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti bir saatdan az olduqda işçiyə ödənilən maaş minimum saatlıq məbləğdən aşağı ola bilməz. İşçinin növbəti iş saatı bir saatdan az olduqda həmin müddət də bir saat kimi nəzərə alınmalı və ödənilməlidir.

Minimum saatlıq məvacibin məbləği minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.

 

Gununsesi.info