Azərbaycanlı neft treyderləri Avropa İttifaqından 13 milyon 600 min avro təzminat tələb edir

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2026 12:35

Avropa İttifaqının sanksiyalar siyahısına salınan “2Rivers DMCC”, “2Rivers Pte Ltd” şirkətləri və həmin şirkətlərin təsisçiləri, Azərbaycan əsilli neft treyderləri Tələt Səfərov, Anar Mədətli və Əhməd Kərimov Avropa İttifaqı Şurasından Avropa İttifaqı Ədalət Məhkəməsinə şikayət ediblər.

Gununesi.info Qəzetçi25-ə istinadən xəbər verir ki, Avropa İttifaqının rəsmi jurnalında yer alan iddia sənədlərinə görə, 2 neft treyderi şirkəti və sahibkarlar Avropa İttifaqı Şurasından ümumilikdə 13 milyon 600 min avro məbləğində təzminat tələb edirlər.

İddia sənədlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “2Rivers DMCC”, Sinqapurda qeydiyyatdan keçən “2Rivers Pte Ltd” şirkətləri Avropa İttifaqı Şurasından onlara dəyən mənəvi zərərə görə 10 milyon 500 min avro, Tələt Səfərovla Anar Mədətli hər biri 1 milyon avro, Əhməd Kərimov isə 1 milyon yüz min avro məbləğində təzminatın ödənilməsini tələb edirlər.

İddia ərizələrində məhkəmə xərclərinin Avropa İttifaqı Şurasının üzərinə qoyulması və adlarının Avropa İttifaqı sanksiyalar siyahısından çıxarılmasını tələb edirlər. Şirkətləri və iş adamlarını məhkəmədə Fransanın tanınmış BONIFASSI Avocats hüquq firmasının vəkilləri Stéphane Bonifassi və Julie Bastien təmsil edəcək.

Qeyd edək ki, azərbaycanlı iş adamlarına məxsus “Coral Enerji” şirkətinə bağlı “2Rivers DMCC”, “2Rivers PTE Ltd”, “Nord Axis Ltd”, “2Rivers FZCO” şirkətləri 2025-2026-cı illər ərzində Avropa İttifaqının, ABŞ, Böyük Britaniyanın, Ukraynanın və digər ölkələrin sanksiyalar siyahısına daxil edilib.

Sanksiyalar siyahısına həmçinin “Coral Enerji” şirkəti və əlaqəli şirkətlərin təsisçiləri Azərbaycan vətəndaşları Tahir Qarayev, Anar Mətədli, Əhməd Kərimov, Tələt Səfərov, Etibar Eyyub daxil edilib.

Gununesi.info