“Sosial şəbəkələr uşaqların psixoloji inkişafına mənfi təsir göstərir” -Sevinc Həbibova:

“Uşaqların sosial şəbəkələrdən istifadəsi valideyn nəzarəti olmadan təhlükəli nəticələrə səbəb ola bilər.  Kiçik yaşlı uşaqların internetdə sərbəst paylaşım etməsi onların psixoloji inkişafına mənfi təsir göstərir. Sosial şəbəkələrdə gördükləri şərhlər, tənqidlər və ya zorakı məzmun uşaqlarda özünəinamı azaldır”.

Bunu Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib:

“Eyni zamanda, uşaqlar orada yanlış nümunələrlə qarşılaşaraq, onları real həyatda tətbiq etməyə çalışa bilərlər. Bu da həm davranış pozuntularına, həm də aqressivliyə gətirib çıxara bilər”.

Psixoloq deyir ki, xüsusən 7–14 yaş aralığı uşaqlar üçün kritik dövrdür və bu mərhələdə internet istifadəsinə ciddi məhdudiyyətlər qoyulmalıdır.

Onun fikrincə, valideynlər uşağın sosial şəbəkələrdə keçirdiyi vaxtı izləməli və nizamlamalıdır.

“Uşağa telefon və internet tamamilə qadağan edilməməlidir, amma düzgün qaydalarla istifadə vərdişi formalaşdırılmalıdır. Çünki tam qadağa da uşaqda gizli maraq yaradır və bu, daha ciddi problemlərə səbəb ola bilər.

Ən doğru yanaşma uşağa internetdən faydalı şəkildə istifadə etməyi öyrətməkdir. Məsələn, öyrədici videolar, kitabxana proqramları, ya da interaktiv oyunlar uşağın inkişafına müsbət təsir edə bilər”.

S. Həbibova qeyd edib ki, sosial şəbəkələrdə uşaqların paylaşdığı şəxsi məlumatlar onların təhlükəsizliyini də riskə atır.

“Bu səbəbdən, valideynlər uşaqlarına şəxsi məlumatların paylaşılmaması barədə maarifləndirmə aparmalıdırlar. Mövzu təkcə ailələrin yox, məktəblərin və dövlətin də diqqətində olmalıdır. Çünki gələcək nəsillərin sağlam inkişafı üçün uşaqların internetdən düzgün istifadəsi vacib şərtlərdən biridir”-deyə o əlavə edib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info