ABŞ hökuməti İran Müdafiə Nazirliyi və onun silahlı qüvvələrinin maraqları naminə Çinə mal daşıdığı iddia olunan 2 şirkətə qarşı sanksiya tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd olunub ki, söhbət Honkonqda qeydiyyatdan keçmiş “Kohana” və Marşal adalarında qeydiyyatdan keçmiş “Iridescent” şirkətlərindən gedir. İddiaya görə, birinci “Kohana” gəmisinin sahibi, ikinci isə onun operatorudur. ABŞ tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon ABŞ dolları dəyərində yük çatdırıb və bundan İranın Müdafiə Nazirliyi gəlir əldə edir. Bəyanatda iddia olunur ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar Rusiyaya, ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən qruplara silah verir.
Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) “Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin müavini Məhəmməd Rza Fəllahzadə də ABŞ-nin sanksiyalar siyahısına daxil edilib. Bəyanatda iddia olunur ki, “Əl-Qüds” qüvvələri Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının tərəfdarlarını qabaqcıl silahlar və kəşfiyyat məlumatları ilə təmin edib.
Sanksiyalar siyahısına daxil edilmə şəxsin ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşlarının və şirkətlərinin həmin şəxslə iş görməsinin qadağan edilməsi deməkdir.
Gununsesi.info