Son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihələrin həyata keçirilməsi bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib.
Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir.
Azərbaycanda da bu məsələnin mümkün tətbiqi vaxtaşırı gündəmə gəlir və xüsusilə dövlət qurumlarında mərhələli keçidin real olub-olmaması maraq doğurur.
Bəs görəsən, Azərbaycanda dövlət qurumlarında 4 günlük iş həftəsinə mərhələli keçid üçün hazırkı əmək qanunvericiliyi və idarəetmə modeli nə dərəcədə uyğundur?
Bu barədəGununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.
O bildirib ki, Azərbaycanda dövlət qurumlarında 4 günlük iş həftəsinə keçid ideyası hüquqi baxımdan mümkünsüz olmasa da, hazırkı sistem buna institusional olaraq hələ tam hazır görünmür. Çünki məsələ yalnız iş günlərinin sayını azaltmaq deyil, dövlət idarəçiliyinin necə işlədiyi, xidmətlərin necə göstərildiyi və performansın necə ölçüldüyü ilə bağlıdır.
“Hazırda Azərbaycan qanunvericiliyinə görə, normal iş vaxtı həftədə 40 saatdır və əsas model 5 günlük iş həftəsi hesab olunur. Əmək Məcəlləsinin 89 və 90-cı maddələrində gündəlik iş vaxtının 8 saatdan, həftəlik normanın isə 40 saatdan artıq ola bilməyəcəyi göstərilir.
Bu o deməkdir ki, 4 günlük sistemə keçid üçün iki variant yaranır: ya 40 saatlıq norma saxlanılıb gündəlik iş saatı artırılmalıdır, ya da ümumi iş saatı azaldılmalıdır. Dünyada ən çox müzakirə olunan model ikinci variantdır, yəni eyni maaşla daha az saat işləmək. Məhz burada Azərbaycan üçün əsas çətinlik başlayır. Çünki dövlət sektorunda işin böyük hissəsi nəticə əsaslı deyil, proses əsaslı idarə olunur. Bir çox qurumda əmək məhsuldarlığı konkret nəticə ilə deyil, fiziki iştirakla ölçülür. İşçinin ofisdə neçə saat oturduğu, sistemdə neçə saat aktiv olduğu daha vacib sayılır. Halbuki 4 günlük model yalnız rəqəmsallaşma, çevik idarəetmə və nəticəyə əsaslanan qiymətləndirmə olan sistemlərdə effektiv işləyir”,- deyə o qeyd edib.
Akimova həmçinin bildirib:
“Bundan başqa, dövlət qurumlarının əhəmiyyətli hissəsi vətəndaş xidməti göstərir. Vergi, sosial müdafiə, məhkəmə, polis, gömrük, səhiyyə, təhsil və digər sahələrdə xidmətin fasiləsizliyi tələb olunur. Bu səbəbdən ani və vahid keçid real görünmür. Daha mümkün variant növbəli və mərhələli model ola bilər. Məsələn, bəzi qurumlarda işçilərin bir hissəsi bazar ertəsi istirahət etdiyi halda, digər hissəsi cümə günü istirahət edə bilər. Beləliklə, dövlət xidməti dayanmaz. Beynəlxalq təcrübədə uğurlu nəticələrin əsas səbəbi texnologiya və idarəetmə intizamıdır. Böyük Britaniyada aparılan pilot layihələrdə şirkətlərin əksəriyyəti məhsuldarlığın azalmadığını, işçi stressinin və kadr axınının aşağı düşdüyünü açıqlamışdı. Yaponiya kimi yüksək iş yükü olan ölkələrdə isə əsas motivasiya tükənmişlik sindromunun qarşısını almaq idi. Azərbaycanda isə həm dövlət, həm də özəl sektorda hələ də “uzun işləmək = çox işləmək” düşüncəsi güclü qalır. Bu mental dəyişiklik olmadan hüquqi dəyişiklik təkbaşına nəticə verməyə bilər. Digər vacib məsələ dövlət sektorunda kadr çatışmazlığı və maaş məsələsidir. Bir çox qurum artıq mövcud heyətlə yüksək iş yükü altında işləyir. İş saatı azalarsa, ya əlavə işçi götürülməli, ya da rəqəmsal optimizasiya sürətlənməlidir. Bu isə büdcə və struktur islahatları tələb edir. Amma müəyyən üstünlüklər də var. Azərbaycanda elektron hökumət xidmətlərinin son illərdə genişlənməsi, ASAN xidmət modelinin uğuru və rəqəmsal platformaların artması nəzəri olaraq daha çevik iş rejimlərinə keçidi əvvəlki illərlə müqayisədə daha real edir. Xüsusilə analitik, inzibati və sənəd dövriyyəsi əsaslı dövlət strukturlarında pilot layihələr tətbiq oluna bilər. Nəticə etibarilə, Azərbaycanın əmək qanunvericiliyi texniki baxımdan 4 günlük iş həftəsinə mane olmur. Əsas problem qanunda deyil, idarəetmə fəlsəfəsindədir. Dövlət sektorunda performans ölçmə sistemi, rəqəmsallaşma səviyyəsi, xidmət davamlılığı və iş mədəniyyəti dəyişmədən tammiqyaslı keçid çətin görünür. Amma seçilmiş qurumlarda pilot layihələr və hibrid modellərlə mərhələli keçid nəzəri olaraq mümkündür”.
Orxan











