Azərbaycan təhsilinin “Beyin mərkəzləri”nə ehtiyacı var

  • Müəllif: Şəbnəm
  • 09 Sentyabr 2025 16:59

Ölkənin bir çox sahələrində beyin mərkəzləri olsa da, bu günə qədər təhsilimizdə “Beyin mərkəzi” heç vaxt olmayıb. Ən pisi isə budur ki, məmurlar buna heç ehtiyac da duymaylblar. Ona görə də 25 illik “təhsil islahatları” nəticəsində tərsinə qurulmuş təhsil binası yaranıb.
Bəlkə belə “beyin mərkəzi” ARTİ, ya ETN olsun? Onların buna gücü çatarmı?
ARTİ -nin elmi potensialı son 10 ildə yox edildi, ETN isə nazirin bildirdiyi kimi “elmi qurum deyil.”
Maraqlıdır, ölkə təhsili hansı elmi tövsiyyələr əsasında idarə edilir, hansı tədqiqatlar əsasında inkişaf edir?
Bəs “beyin mərkəzi” nədir?
Təhsildə “beyin mərkəzləri”nin rolu nədir?
Təhsilimiz bu gün dünyada gedən sürətli inkişafa cavab verə biləcək bir şəkildə fasiləsiz yenilənməlidir. Bunu təmin etmək üçün yalnız praktik təcrübə kifayət deyil, strateji baxış və elm əsaslı qərarlar zəruridir. Bu səbəbdən “beyin mərkəzləri”nin fəaliyyətinə ehtiyac var.
“Beyin mərkəzləri” elmi təhlil və araşdırmalar edərək təhsil siyasətinə yön verər, dövlət və ictimaiyyət üçün məlumat əsaslı qərarların qəbulunu dəstəkləyə bilər.
Belə “beyin mərkəzləri” təhsilə dair elmi araşdırmalar aparar, analitik hesabatlar hazırlayar, ictimai əhəmiyyətli tövsiyyələr, təhsil siyasətinə dair təkliflər verə bilər.
Təhsil yönlü “beyin mərkəzi” müasir elmi bazada qərarvermə potensialına da malik olmalıdır.
Belə “beyin mərkəzləri” aşağıdakı funksiyaları yerinə yetirəcək:
• Təhsilə dair analitik araşdırmalar aparmaq;
• Təhsil siyasətinə dair sənədlər və təkliflər hazırlamaq;
• Qlobal təhsil trendlərini izləyib, lokal tətbiq imkanlarını təhlil etmək;
• Təhsil icması, cəmiyyət, biznes və dövlət arasında kommunikasiya yaratmaq;
• İctimai diskussiyaları və qərarverməni elmi əsaslarla dəstəkləmək.
Bu gün təhsilimizdə bu məsələlər diqqətdən kənardadır, cavabsızdır.
Təəssüf ki, təhsil məmurları bu haqda heç düşünmürlər də. Bunun üçün onların potensialı da kifayət deyil.
“Biz proseslərə yox, nəticələrə investisiya edirik” yanaşması ilə belə suallara heç vaxt cavab tapmaq mümkün olmaz.
Təhsilimizdə “Beyin mərkəzləri” həm milli səviyyədə, həm universitetlər səviyyəsində yaradılmalıdır. Bu halda universitetlər innovativ ideya kasadlığı yaşamazlar.
Universitetlər bu halda öz gələcək inkişafını 50 il əvvəlki adın bərpasında yox, gələcəyə yönəli müasir trendlərdə axtarar#lar.
20 ildə distant təhsil sistemi yarada bilməyən universitetlər qlobal təhsil məkanında heç bir brend yarada bilməz. Çünki, süni intellekt epoxasında distant təhsil qura bilməyən universitetin beynəlxalq nüfuzu olmaz.
“İkili diplom proqramı” adı ilə xarici universitetlərin 3-4 % tədris-metodik təminatını primitiv variantda tətbiq etməklə, QS reytinq şirkəti ilə kommersiya “münasibətləri” qurmaqla da brend yaranmaz.
Universitet brend yaratması üçün özünü dərk etməli, dünya təhsil məkanında mövqeyini düzgün təyin etməli, müvafiq inkişaf proqramları hazırlamalı, güclü maliyyə mənbələri tapmalıdır.
Bizim universitetlər isə müasir inkişaf proqramları yaratmaqda maddi çətinlik çəkməklə yanaşı, öz məhdud maliyyə imkanları ilə donor olmaq məcburiyyətindədirlər.
İllər ərzində yığılan bu problemlərin həlli üçün ölkə təhsili və universitetlər yüksək səviyyəli elmi potensiala, “intellektual suverenliyə” və mükəmməl “Beyin mərkəzləri”nə sahib olmalıdır.

İlham Əhmədov, dosent