Baş Prokurorluq Rüfət Səfərova xəbərdarlıq edib - FUAD QƏHRƏMANLI İLƏ BAĞLI BƏYANATINA GÖRƏ

  • By admin
  • 03 Avqust 2020 19:31

 

“Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov avqustun 3-də Baş Prokurorluğun İstintaq İdarəsində 3 saat dindirilib. 15 iyul aksiyası ilə əlaqədar həbs edilmiş AXCP fəalları Fuad Qəhrəmanlı və Seymur Əhmədova qarşı işgəncə haqqında məlumatı sosial şəbəkələrdə yaydığına görə ona xəbərdarlıq edilib.

Gununsesi.info bildirir ki, bu barədə insan haqları müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb:

“Məni müstəntiq Mehdi Mirzəyev dindirib. Qəhrəmanlıya və Əhmədova qarşı işgəncələrə gəlincə, bu barədə məlumat anonim mənbədən daxil olub. “Hər ikisinin yanına vəkil buraxılmamasını və ailə üzvləri ilə telefon əlaqələrinin olmamasını nəzərə alaraq, biz bu məlumatı mənbəyini göstərmədən açıqladıq. Biz Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məsələni humanitar qaydada nəzarətə götürmələri üçün müraciət etdik. Biz həmçinin Baş Prokurorluğu işin araşdırılması üçün təxirəsalınmaz tədbirlər görməyə, hüquqi qiymət verməyə çağırdıq”, deyə Səfərov bildirib.

“Prokurorluq işgəncə haqqında məlumatların əsassız olduğunu bildirib. Amma Qəhrəmanlının və Əhmədovun yanına hələ də vəkil buraxılmayıbsa, bu şəxslərin taleyi bizi ciddi şəkildə narahat edir”, deyə o qeyd edib.

Baş Prokurorluq Səfərovu yalan məlumat yaymaqda ittiham edərək, ona xəbərdarlıq edib.

DİN və Baş Prokurorluq da avqustun 2-də Qəhrəmanlıya və həbs edilmiş digər müxalifətçilərə qarşı işgəncələr haqqında məlumatları təkzib ediblər. Fuad Qəhrəmanlının qardaşı Polad Turan-a bildirib ki, onların məhbusla telefonla danışmasına icazə veriblər. “Fuad deyib ki, hər şey normaldır. O, işgəncə haqqında heç nə deməyib, yalnız deyib ki, “hər şey yaxşıdır, mən sağ-salamatam””, deyə Polad Qəhrəmanlı bildirib.

Rüfət Səfərov həmçinin sosial şəbəkələrdə digər məhbus – Seymur Əhmədovun adından məktub yayıb. Əhmədov bildirir ki, saxlanıldığı gündən etibarən işgəncələrə məruz qalır və özünü məhbus kimi deyil, əsir kimi hiss edir. Əhmədov qeyd edir ki, Nərimanov polis idarəsində bir saat ərzində mülki geyimli şəxs tərəfindən dəyənəklə döyülüb, o, ölənə qədər döyülməklə hədələnərək, kamera qarşısında “üzr istəməsi” tələb edilib.

Günay

Gununsesi.info